Repatriasiya olunan 255 nəfərə sosial xidmətlər göstərilib
Sosial
19.01.2026 11:44
“Ötən il xarici ölkələrdən repatriasiya olunan və münaqişə qurbanı olmuş Azərbaycan vətəndaşlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə tədbirlər görülüb”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində readmissiya və repatriasiya edilmiş şəxslər Agentlik tərəfindən ilkin sığınacaqla təmin olunur. Burada onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası həyata keçirilir.
Bildirilib ki, 2025-ci ildə Suriya Ərəb Respublikasından, Rusiya Federasiyasından və Fələstindən 37 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Həmin şəxslərin sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq işlər aparılıb.
Qeyd olunub ki, il ərzində bu kateqoriyadan olan ümumilikdə 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib. Eyni zamanda, 200-dən çox ailəyə səfər edilib, 600-ə yaxın şəxsə sosial xidmət təqdim olunub.
Səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb, onların təmin olunması üçün müvafiq dəstək tədbirləri görülüb. Hazırda da bu şəxslərin və ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
