Ramiz Mehdiyevlə adı hallanan Sərdar Cəlaloğlu sirri açdı: Dediklərimlə bağlı izahat verdim ki...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.
“Gününsəsi.info”nun yaydığı məlumata görə, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
İddiaya görə, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
TodayPress TV iddialarla bağlı adı çəkilən Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb.
Sərdar Cəlaloğlu haqqında yayılan xəbəri təkzib edib:
“O xəbər tamamilə yalandır. Məndən heç bir yerdə Ramiz Mehdiyevlə bağlı nə ifadə, nə də izahat alıblar. Mənim də Ramiz Mehdiyevlə bağlı hər hansı məlumatım olmayıb. Bu məlumatı yayanlar böhtan atırlar.
Yaxşı olardı ki, Dövlət Təhlükəsizliyi Xidməti bu cür məlumatlara özü reaksiya versin. Mənim Ramiz Mehdiyevlə nə əlaqəm var? Onun yaxını deyiləm. Ramiz Mehdiyevin təyin etdiyi deputatlar var, nazirlər var, hüquq-mühafizə orqanlarının adamları var, siyasi partiyalarda Ramiz Mehdiyevin xeyir-duası ilə fəaliyyət göstərən adamlar var. Getsinlər, o adamlardan Ramiz Mehdiyev haqqında izahat, ifadə alsınlar.
İlk vaxtlarda Əli Kərimlinin tərəfdarları Ramiz Mehdiyev məsələsində bizə qarşı ittiham irəli sürdülər, onlara cavab verdim. O cavabla bağlı məndən izahat alıblar. Sərbəst izahat olub, yarım səhifəlik. Dediklərimlə bağlı izahat verdim ki, bəli, belə şeylər olmuşdu. Bunların hamısı qəzetlərdə min dəfə dərc olunub.
Başqa məlumatım yoxdur, sadəcə, adımı şərəfsizcəsinə hallandırırlar.
Bəs S.Cəlaloğlu Ramiz Mehdiyevlə bağlı hansı qərarın verilməsini gözləyir?
“Ona qarşı onlarla cinayət işi irəli sürülüb. Rüşvət və digər bu kimi ittihamların təsdiq olunması mümkündür. Başqasının əmlakını ələ keçirmə və sairə kimi ittihamlar da var. Amma ciddi siyasi ittihamların heç biri məhkəmədə təsdiq olunmayacaq. Çünki dövlət çevrilişi elə-belə bir məsələ deyil. Əgər dövlət çevrilişi varsa, heç olmasa bunun iqtisadi, hərbi və siyasi tərəfləri ilə bağlı yüzdən çox adam həbs olunmalıdır. Bir adam öz ailə üzvləri ilə birlikdə dövlət çevrilişi edə bilərmi?”
Qiymət Mahir