"Ödənişdən qaçırdı": Mərkəzi Klinikanın həkimindən yayılan iddialara CAVAB

"Ödənişdən qaçırdı": Mərkəzi Klinikanın həkimindən yayılan  iddialara CAVAB
24.09.2026 14:31 Sosial

Mərkəzi Klinikada anası müalicə olunan vətəndaşın əlavə ödəniş və həkim tərəfindən təhqir edilmə ilə bağlı iddialarına klinikanın həkimi Firdovsi İbrahimov cavab verib.

TodayPress TV xəbər verir ki, həkim bu barədə "Facebook" hesabında yazıb.

O, sosial mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. 

Onun sözlərinə görə, Mərkəzi Klinikada bəzi tibbi xidmətlər icbari tibbi sığortaya daxil deyil və ödənişlidir. Həkim xəstə yaxınlarının bu barədə əvvəlcədən məlumatlandırıldığını və müvafiq sənədləri imzaladıqlarını deyib.

Həkim bildirib ki, 60 yaşlı xəstə ağır vəziyyətdə klinikaya gətirildikdən sonra ödəniş gözlənilmədən müalicəyə başlanılıb.

Cərrahın sözlərinə görə, xəstənin kardioreanimasiya şöbəsində yatışı və müalicəsi müddətində yaxınlarından heç bir ödəniş alınmayıb.

Bununla yanaşı,  o, xəstənin oğlunun ödəniş etməkdən yayınmağa çalışdığını iddia edib.

Tibb işçisi bildirir ki, xəstənin üç damarında darlıqlar aşkarlanıb və açıq ürək əməliyyatı riskli olduğundan invaziv müdaxilə ilə damar açılıb. Bundan sonra xəstənin vəziyyəti stabilləşib.

Firdovsi İbrahimov,  həmçinin xəstənin oğlunun tibbi heyətə qarşı təhqiramiz ifadələr işlətdiyini iddia edib.

Xatırladaq ki, xəstə yaxını daha əvvəl müalicə üçün ondan əlavə ödəniş tələb edildiyini və həkim tərəfindən təhqir olunduğunu bildirmişdi.

Qeyd edək ki, məsələ ilə bağlı "Mərkəzi Klinika"ya ünvanladığımız sorğu cavabsız qalıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər