Mərkəzi Klinikada qalmaqal - Həkim ödənişə görə xəstə yaxınını təhqir etdi - İDDİA - FOTO
Anası infarkt keçirən vətəndaş Mərkəzi Klinikada həm əlavə ödəniş tələbi, həm də həkim tərəfindən təhqirlə üzləşdiyini bildirir.
TodayPress TV xəbər verir ki, xəstə yaxınının sözlərinə görə, anası gecə saat 2 radələrində xəstəxanaya aparılıb və daha sonra Mərkəzi Klinikaya göndərilib.
Onun sözlərinə görə, səhər saatlarında ondan 2500 manat ödəniş tələb olunub.
Vətəndaşın etirazından sonra məbləğ əvvəlcə 1900, daha sonra isə 1600 manata endirilib. Şikayətçi ödənişdən imtina etmədiyini, yalnız tələb olunan məbləğin hansı tibbi xidmətə görə hesablandığının və niyə sığorta tərəfindən qarşılanmadığının yazılı şəkildə göstərilməsini istədiyini bildirib.
İddia sahibinin sözlərinə görə, bu tələbindən sonra Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov tərəfindən ona qarşı “sən bazar adamısan”, “sən alçaqsan”, “şərəfsizsən” kimi ifadələr işlədilib.
Vətəndaş həmçinin bildirib ki, ürəyinə müdaxilə edilərək stent qoyulan anasının yanında onun haqqında “oğlun pulu ödəmir”, “oğlun məni istəmir” məzmununda ifadələr səsləndirilib.
O, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət etdiyini və hadisənin obyektiv araşdırılmasını tələb etdiyini açıqlayıb.
İddia ilə bağlı Mərkəzi Klinikaya sorğu ünvanlanıb.
Jalə Rövşən