Almaniyanın XİN rəhbəri Bakıda dini icmaların nümayəndələri ilə görüşüb

Almaniyanın XİN rəhbəri Bakıda dini icmaların nümayəndələri ilə görüşüb
18.11.2026 18:03 Sosial

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfəri çərçivəsində noyabrın 17-də Bakıda Avropa Yəhudilərinin Bakı dini icmasının sinaqoqunu ziyarət edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən TodayPress TV-a verilən məlumata görə, səfər zamanı nazir Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb. Ona ölkədə multikulturalizm və dinlərarası dialoq sahəsində formalaşmış təcrübə, müxtəlif dinlərin təmsilçiləri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri barədə məlumat verilib.

Yohan Vadeful sinaqoqda yaradılmış şəraitlə tanış olub, ona Azərbaycanda nəşr edilmiş Tövrat nüsxəsi nümayiş etdirilib. Görüşdə yəhudi icmasının ölkənin müxtəlif bölgələrində digər dinlərin nümayəndələri ilə birlikdə sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bildirilib.

Almaniyanın xarici işlər naziri Azərbaycanda dövlət-din münasibətləri modelinin maraq doğurduğunu qeyd edib. O, müxtəlif dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və dini həmrəylik mühitini yüksək qiymətləndirib.

Görüşdə iştirak edən dini icma nümayəndələri Azərbaycanda dini tolerantlıq, dini qurumlara dövlət dəstəyi və konfessiyalararası münasibətlər barədə fikirlərini bölüşüblər.

Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal icmanın Azərbaycanda sərbəst və təhlükəsiz şəraitdə fəaliyyət göstərdiyini, antisemitizm halları ilə üzləşmədiyini bildirib.

Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev isə icmaya göstərilən münasibətdən, ölkədəki dini harmoniyadan və yəhudi məktəbinin fəaliyyətindən danışıb.

Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bütün dini konfessiyalara göstərilən dövlət dəstəyinin dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakıdakı “Hacı Cavad” məscidinin imamı İbrahim Quliyev və İlahiyyat məscidinin imam müavini Məzahir Məhərrəmov Azərbaycanın tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu qeyd ediblər.

Görüşdə Almaniya Bundestaqının deputatları – Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Daniel Kölbl və “Birlik 90/Yaşıllar” partiyasının daxili siyasət məsələləri üzrə sözçüsü Lamya Kaddor da iştirak ediblər.

Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyinin sosial media hesablarında da nazirin sinaqoqa səfəri ilə bağlı paylaşımlar edilib.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər