Metroda yenilik - interval azaldılır
Bakı Metropolitenində texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar azaldılır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” istiqamətində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.
Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endiriləcək.
Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində qatarlar 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqə intervalla hərəkət edəcək.
Yeni tədris ili ilə əlaqədar bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq və ehtiyac yarandıqda qatarların hərəkət qrafikində əlavə tənzimləmələr aparılacaq.