Lövhədə var, kassada yoxdur: Bakı Avtovağzalında sərnişinlər belə aldadılır
Bakı Beynəlxalq Avtovağzal Kompleksində kassaya yaxınlaşan sərnişinlər bəzi problemlərlə üzləşirlər. Məsələn qiymət cədvəlində rayonların adları və gediş haqları yazılır, lakin kassaya yaxınlaşdıqda cavab: "O istiqamətə bilet satılmır", - olur.
Söhbət xüsusilə Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, İmişli və digər rayonlara üz tutan sərnişinlərdən gedir. Qiymət lövhəsində həmin istiqamətlərin adları və qarşısında tariflər qeyd olunsa da, faktiki olaraq həmin marşrutlar üzrə avtobus reysləri fəaliyyət göstərmir və ya bilet satışı həyata keçirilmir.
Burada əsas məsuliyyət avtomobil nəqliyyatı sahəsinə cavabdeh olan qurumların və Avtovağzal rəhbərliyinin üzərinə düşür.
Mövcud vəziyyət bir neçə ciddi sual doğurur:
- Əgər hər hansı rayona reys yoxdursa və ya bilet satılmırsa, həmin istiqamətlərin adları niyə qiymət cədvəlindən çıxarılmır? Sərnişinləri yanlış məlumatlandırmaq və onların vaxtını almaq nə dərəcədə doğrudur?
- "Tələbat yoxdur" məsələsi gündəmə gətirilə bilər, ancaq bu da çıxış yolu deyil. Həmin istiqamətlər üzrə gün ərzində pik saatlara uyğun ən azı 2-3 reys təyin etmək mümkündür. İnsanlar reyslərin saatlarını bilər və səfərlərini buna uyğun planlaşdıraraq avtovağzala gələrlər.
Kompleksin rəsmi onlayn bilet satışı səhifəsində həmin istiqamətlər göstərilməsə də, bütün sərnişinlərin onlayn platformadan istifadə etmədiyini nəzərə almaq lazımdır.
Avtobus nəqliyyatının işləməməsi birbaşa taksi bazarının və qanunsuz daşıyıcıların əlini gücləndirir. Avtovağzalın kassasından əliboş qayıdan sərnişin məcburən vağzal ətrafındakı taksilərə və ya özəl mikroavtobuslara yönəlir.
Fürsətdən istifadə edən taksi sürücüləri isə süni qiymət artımına gedirlər. Nəticədə, adi vaxtda avtobusla bir neçə manata qət edilə biləcək məsafə üçün sərnişinlər dəfələrlə baha ödəniş etməli olurlar. Süni şəkildə yaradılan bu "nəqliyyat aclığı" cibinə zərər vuran vətəndaşların narazılığı ilə nəticələnir.
Məsələ ilə bağlı aidiyyəti qurumlar ya tarif cədvəllərini reallığa uyğunlaşdırmalı, ya da sözügedən ərazilərə müntəzəm avtobus reyslərinin bərpasını təmin etməlidirlər.
Türkan İsgəndərli