Gənclər Mərkəzi “Zorakılığa Qarşı Bir Addım” layihəsinə başlayır

Gənclər Mərkəzi “Zorakılığa Qarşı Bir Addım” layihəsinə başlayır
16.11.2026 15:00 Sosial

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə İnkişaf, İnnovasiya və Sosial Təşəbbüslər qrantı çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Zorakılığa Qarşı Bir Addım” adlı layihənin icrasına başlayır.

TodayPress TV xəbər verir ki, layihə 3 ay müddətində İsmayıllı, Qəbələ, Xaçmaz və Quba rayonlarında həyata keçiriləcək.

Layihənin koordinatoru, Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadənin sözlərinə görə, təşəbbüsün əsas məqsədi erkən nikah və məişət zorakılığının qarşısının alınması istiqamətində yeniyetmələr, gənclər, valideynlər və icma üzvləri arasında maarifləndirmə işini gücləndirməkdir.

Layihə çərçivəsində iştirakçılara erkən nikahın və məişət zorakılığının sosial, psixoloji, hüquqi və iqtisadi nəticələri barədə ətraflı məlumat veriləcək, hüquq və vəzifələri izah olunacaq. Həmçinin maarifləndirici tədbirlərin təşkili, benefisiarlara qanunvericilikdən çıxarışların və müxtəlif məlumatlandırıcı materialların paylanması nəzərdə tutulur.

Təşəbbüsün əsas hədəfləri arasında hədəf qrupların məlumatlılıq səviyyəsinin yüksəldilməsi, hüquqi biliklərinin artırılması, erkən nikah və məişət zorakılığının mənfi nəticələri barədə cəmiyyətdə daha dolğun təsəvvürün formalaşdırılması yer alır.

Qeyd edək ki, layihə hazırda hazırlıq mərhələsindədir. Bu mərhələdə layihəyə cəlb olunacaq işçi heyətlə mövzu ətrafında müzakirələr aparılır, benefisiarlar müəyyənləşdirilir, əməkdaşların vəzifə və öhdəlikləri dəqiqləşdirilir, müvafiq müqavilələr bağlanır.

TodayPress TV 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər