Evdə sosial xidmət göstərilən ən yaşlı vətəndaş 102 yaşındadır

Sosial

19.01.2026 11:30

“2025-ci il ərzində Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən minlərlə vətəndaşa evdə (səyyar) sosial-məişət xidmətləri göstərilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ərzində 2969-u qadın, 919-u kişi olmaqla ümumilikdə 3888 nəfər vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib. Xidmət alan şəxslərin 3595 nəfəri ahıl, 293 nəfəri isə yaşı 70-dən aşağı olan şəxslər olub.

Vüqar Behbudov bildirib ki, hazırda Agentliyin evdə səyyar sosial xidmət göstərdiyi ən yaşlı vətəndaş 102 yaşlı Nina Ryabsevadır. O, artıq 37 ildir bu xidmətdən yararlanır.

Eyni zamanda qeyd olunub ki, bu xidmət üzrə ən gənc benefisiar Sumqayıt şəhər sakini, 31 yaşlı Vəfa Rəsulovadır. O, 2024-cü ilin avqust ayından etibarən xidmətə cəlb edilib.

İdarə Heyətinin sədri vurğulayıb ki, xidmət göstərilənlər arasında şəhid ailələrinin üzvləri də var. 2025-ci il ərzində 40 şəhid ailəsi üzvü evlərində evdə (səyyar) sosial-məişət xidməti ilə təmin edilib.

Həmin ailələrin Sumqayıt, Ağsu, Göyçay, Ağstafa, Gədəbəy, Şirvan, Goranboy, Mingəçevir, Naftalan, Quba, Hacıqabul və digər şəhər və rayonlarda yaşadığı bildirilib. Agentliyin sosial xidmətçiləri onların ev təsərrüfatı işlərində və gündəlik tələbat mallarının alınmasında köməklik göstəriblər.

Hazırda isə 31 şəhid ailəsi üzvü bu xidmətlə təmin olunur.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Behbudov,SXA,Yaşlı,Vətəndaş,Todaypress.tv,