Dərman, kommunal, ərzaq... Pensiya hansı xərclərə çatır?
Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb. Rəsmi rəqəmlər artım dinamikasını göstərsə də, mövcud məbləğin hazırkı yaşayış xərcləri fonunda vətəndaşların sosial rifahını nə dərəcədə təmin etməsi məsələsi ictimaiyyətdə geniş müzakirə olunur.
Bəs 594 manatlıq orta pensiya təqaüdçülərin gündəlik ehtiyaclarını qarşılamaq üçün kifayətdirmi?
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, statistik göstəricilər hər bir pensiyaçının rifahının eyni səviyyədə artması demək deyil.

Ekspert ilk növbədə rəsmi rəqəmin mahiyyətini açıqlayaraq məsələyə fərdi yanaşmanın vacibliyini vurğulayıb:
"Həmin statistik rəqəm pensiyaların orta məbləğidir. Yəni birbaşa hər bir şəxs üçün müəyyən edilmiş fərdi artım hissəsi deyil. Bu artımın vətəndaşların sosial rifahına təsirlərinə qaldıqda isə, ümumiyyətlə, bu mövzuya fərdi yanaşmalı və analiz etməliyik. Şəxsin özünə məxsus yaşayış yeri varmı, sağlamlıq imkanları nə yerdədir, öhdəliyində baxacağı və ya qəyyumu olduğu şəxs varmı kimi suallara cavab tapmalıyıq".
İqtisadçı pensiyaçıların qarşılaşdığı əsas xərc maddələrini və sosial yükü diqqətə çatdırıb:
"Məsələn, mənzil bazarında kirayələr kifayət qədər yüksəkdir, mənzili olmayan, kirayədə qalan şəxslər var. Sağlamlıq problemi olub aylıq təqaüdünün yarıdan çoxunu dərman preparatlarına xərcləyən şəxslər mövcuddur. Daha sonra qeyd etdiyim kimi, himayəsində qəyyumluğu olanlar var. Dövlət həmin pensiyanı şəxsə verir, lakin rəsmi qəyyumluq və ya öhdəliyi varsa, həmin gəlir də artıq bölünmüş sayılır. Yəni bir sözlə, fərdi yanaşmalıyıq ki, həmin pensiyanın şəxsin sosial rifahına necə təsir göstərdiyini dəqiq analiz edə bilək".
O, həmçinin inflyasiya təzyiqinə və pensiyaçıların rifahını qaldırmaq üçün alternativ sosial mexanizmlərin tətbiqinə toxunub:
"İkinci bir məsələ isə odur ki, aylıq ərzaq inflyasiyası və digər xərclər üzrə inflyasiya həddini müəyyən edib qarşılaşdırmalıyıq. Yaşlı və pensiya alan şəxslərin sosial rifahının artırılması təkcə orta pensiya məbləğinin artırılması ilə əlaqəli deyil. Məsələn, kommunal xidmətlərdə güzəşt, ödənişsiz nəqliyyat xidmətindən istifadə, pulsuz dərman siyahısının genişləndirilməsi kimi vasitələrlə də sosial rifahı yaxşılaşdırmaq mümkündür".
Mövcud məbləğin yaşayış xərclərini qarşılaması məsələsinə gəlincə, ekspert real bazar qiymətləri ilə müqayisənin mənzərəni aydın göstərdiyini bildirib:
"Mövcud məbləğin hazırkı yaşayış xərclərini qarşılamasına qaldıqda isə, əgər kütləvi narazılıq varsa və pensioner gəlirin xərcləri qarşılamadığına etiraz edirsə, demək ki, problem tam həll yolunu tapmayıb. Bir nəfərin ümumi xərcini təkcə market və bazarlardakı vitrin qiymətləri ilə müqayisə etsək, bu məbləğ reallıqda xərcləri qarşılamır", - deyə Günay Hüseynova fikrini tamamlayıb.
Türkan İsgəndərli