Cəzaçəkmə müəssisələrində sosial-psixoloji dəstək genişləndirilir

Sosial

19.01.2026 11:33

“2025-ci ildə cəzaçəkmə müəssisələrində məhkumların azadlığa hazırlığı və adaptasiyası üçün sosial-psixoloji qiymətləndirmə və dəstək tədbirləri həyata keçirilib”. 

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Penitensiar Xidmət ilə birgə əməkdaşlıq çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində sosial-psixoloji kabinet fəaliyyət göstərir. Həmin kabinet vasitəsilə 2025-ci ildə azadlığa buraxılmasına 3 ay qalmış 82 məhkumla ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb.

Vüqar Behbudov bildirib ki, gələcəkdə bu cür sosial-psixoloji kabinetlərin sayının artırılması və digər cəzaçəkmə müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

Qeyd olunub ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 yaşınadək uşağı olan məhkum qadınlarla, həmçinin 1 nəfər Şri-Lanka vətəndaşı olan miqrant məhkumla sosial-psixoloji adaptasiya işi aparılıb.

Bildirilib ki, 2025-ci il ərzində şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 373 nəfər qiymətləndirmə prosesinə cəlb edilib. Onlardan 11 nəfəri ölkə başçısının əfv sərəncamı ilə azad edilən şəxslər olub. Qiymətləndirmə nəticəsində 65 nəfərə sosial-hüquqi yardım göstərilib.

Həmçinin həmin kateqoriyadan olan 4 yeniyetmə sosial adaptasiya və peşə bacarıqlarının əldə edilməsi məqsədilə kurslara cəlb olunub. Onlardan 3 nəfər kursu müvəffəqiyyətlə başa vuraraq sertifikat alıb, 1 yeniyetmənin peşə təhsili isə hazırda davam edir.

Qiymət Mahir

TodayPress TV

tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,