Bu ərazilərdə Sosial Xidmət Mərkəzləri açılacaq
Sosial
19.01.2026 11:41
“2025-ci ildə Sosial Xidmət Mərkəzləri vasitəsilə uşaqlar və digər həssas qruplar üçün sosial reabilitasiya və məsləhət xidmətləri genişləndirilib”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və sosial xidmətlər sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Agentliyin Sosial Xidmət Mərkəzlərinin fəaliyyəti mühüm rol oynayır. Hazırda sayı 6-ya çatan Mərkəzlərdə uşaqlar üçün fərdi və qrup şəklində sosial reabilitasiya xidmətləri təşkil olunur, valideynlər müvafiq təlimlərə cəlb edilir.
Bildirilib ki, reabilitasiya proqramlarına cəlb olunan uşaqların inklüziyasına dəstək məqsədilə mədəni-kütləvi tədbirlər, sosiallaşmaları üçün ekskursiya və səfərlər həyata keçirilir.
Qeyd olunub ki, 2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib, onlardan 622 nəfəri uşaqdır. İl ərzində Mərkəzlərdə təşkil edilən 95 maarifləndirici təlim və inklüziv mədəni tədbirdə 1686 nəfər iştirak edib, həmçinin 274 nəfərə sosial-məsləhət yardımı göstərilib.
Xidmətlərdən faydalanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə, Agentliyin regional filiallarına və DOST mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edilib ki, bu il Hacıqabul və Göyçayda, eləcə də Xəzər və Xətai rayonlarında yeni Sosial Xidmət Mərkəzlərinin açılması nəzərdə tutulur.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
