480 azad edilmiş şəxs sosial reabilitasiyaya cəlb olunub

Sosial

19.01.2026 11:31

“2025-ci ildə penitensiar müəssisələrdən azad edilən yüzlərlə şəxs sosial adaptasiya və residiv cinayətlərin qarşısının alınması məqsədilə reabilitasiya tədbirlərinə cəlb edilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində müvafiq kateqoriyadan olan vətəndaşlara sosial xidmətlər göstərir.

Bu çərçivədə şəxslərin sosial mühitə adaptasiyası və residiv cinayətlərin qarşısının alınması məqsədilə sosial reabilitasiya yönümlü fəaliyyət həyata keçirilir. Riskli keys kimi qiymətləndirilən şəxslərə sosial-hüquqi, sosial-psixoloji və sosial-məsləhət yardımı göstərilir.

Qeyd edilib ki, 2025-ci il ərzində penitensiar müəssisələrdən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb olunub, onlardan 73 nəfəri ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərdir. Həmin şəxslərdən 3 nəfər müvəqqəti olaraq Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib.

Bundan əlavə, Agentliyin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 22 cəzaçəkmə müəssisəsində və 3 istintaq təcridxanasında 388 nəfər anket sorğusu vasitəsilə qiymətləndirilib. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb.

Qiymət Mahir

TodayPress TV

tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,