24 min nəfərə birdəfəlik yardım göstərilib - STATİSTİKA
Sosial
19.01.2026 11:26
“Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvləri də daxil olmaqla, ümumilikdə 17 mindən çox imtiyazlı şəxs müxtəlif növ vəsiqələrlə təmin edilib, həssas əhali qruplarına isə birdəfəlik maddi yardımlar göstərilib”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il 2092 nəfər şəhid ailəsi üzvü üçün vəsiqə çap edilərək Agentliyin filialları və DOST mərkəzləri vasitəsilə təqdim olunub. Ümumilikdə isə 17 168 vəsiqə müxtəlif kateqoriyadan olan imtiyazlı şəxslərə verilib.
Vüqar Behbudov bildirib ki, Agentlik tərəfindən əmək veteranı vəsiqələrinin verilməsi də həyata keçirilir. Əmək veteranı adı və vəsiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara təqdim edilir. Bu kateqoriya üzrə 2025-ci ildə 245 nəfərə əmək veteranı adı və vəsiqəsi verilib.
İdarə Heyətinin sədri qeyd edib ki, həssas əhali qruplarına dəstək məqsədilə icra olunan sosial təşəbbüslər çərçivəsində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə müvafiq kateqoriyadan olan şəxslərə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu yardım orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə I dərəcə əlilliyi olan şəxsləri, əlilliyi olan uşaqları və əlilliyi olan tənha ahılları əhatə etməklə, respublika üzrə 24 min imtiyazlı şəxsə təqdim olunub.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
