21 müəssisədə 3308 nəfərə sosial xidmət göstərilib
Sosial
19.01.2026 11:43
“2025-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində minlərlə şəxs stasionar və yarımstasionar sosial xidmətlərlə əhatə olunub”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci il ərzində Agentliyin 21 müəssisəsi üzrə ümumilikdə 3308 nəfərə sosial xidmət göstərilib. Onlardan 2826 nəfər stasionar, 482 nəfər isə yarımstasionar sosial xidmətlərlə əhatə olunub. Xidmət alan şəxslərdən 566 nəfəri Uşaq evlərində dövlət qayğısı ilə təmin edilərək sosial xidmətlərdən yararlanıb.
Vüqar Behbudov bildirib ki, müəssisələrdə reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülür. Bu çərçivədə sakinlər üçün fərdi qayğı planlarının təkmilləşdirilməsi, sosial xidmətlərə dair innovativ yanaşmaların tətbiqi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Agentliyin Uşaq evi sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili istiqamətində də işlər davam etdirilir. Uşaqların təhlükəsiz və sağlam qayğı mühiti ilə əhatə olunması üçün zəruri tədbirlərin görülməsi prioritet olaraq qalır.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
