Vaşinqton "əsas düşmən"i seçdi: Rusiya neftinə yaşıl işıq

Siyasət

13.03.2026 18:15

ABŞ İran müharibəsi və Hörmüz boğazındakı gəmiçilik problemləri səbəbindən pozulan qlobal enerji bazarlarını sabitləşdirmək məqsədi ilə ölkələrə hazırda dənizdə ilişib qalan Rusiya neftini almağa icazə verən 30 günlük güzəşt verib. 

Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib. 

 

Görünən, ABŞ İranın "enerji şantajı"nı (Hörmüzün bağlanması) sındırmaq üçün Rusiyanın dənizdə ilişib qalmış neftini bazara buraxır. Bununla da Vaşinqton "əsas düşmən" prioritetinin hazırda İran olduğunu təsdiqləyir.   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Elman Abbasovun qənaətincə, ABŞ vəziyyətin bu həddə çatacağını proqnozlaşdırmayıb:  


“Onlar müharibənin iki, maksimum dörd həftə ərzində yekunlaşacağını düşünürdülər. Lakin görünən odur ki, müharibənin miqyası getdikcə genişlənir. İran digər dövlətləri də münaqişəyə cəlb etməyə çalışır, eyni zamanda Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi ziyan vurur. Daşınan neftin 20%-i məhz Hörmüz boğazından keçirdi. Boğazın bağlanması və gəmilərin orada qalması dünya ölkələrini ciddi problemlərlə üz-üzə qoyub. Artıq Avropanın bir çox dövlətləri öz ehtiyat neft fondlarını satışa çıxarmağa məcbur olurlar”.

Analitik bildirib ki,  ABŞ-nin 30 gün müddətində Rusiyanın dənizdə qalan neftinin satışına qoyulan embarqoları aradan qaldırması vəziyyətin artıq dalana dirəndiyini göstərir:

“Rusiya ilə bağlı ABŞ tərəfindən bir sıra vədlər verilsə də, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bir il keçməsinə baxmayaraq, Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik səylərdə və danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Demək olar ki, verilən bütün vədlər nəticəsiz qalıb. Tramp bir tərəfdən Rusiyanın “könlünü almağa”, digər tərəfdən isə onun İrana dəstəyini neytrallaşdırmağa çalışır”.

E.Abbasovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində İran Rusiyanı intensiv şəkildə pilotsuz uçuş aparatları (dronlar) ilə təchiz edib:


“Eyni zamanda Rusiya da ABŞ-İsrail-İran qarşıdurmasında İrana kəşfiyyat və informasiya dəstəyi nümayiş etdirir. Ehtimal olunur ki, Tramp bu iş birliyinin qarşısını almaq üçün Putinlə müəyyən pərdəarxası razılaşmalar əldə edib. Hesab edirəm ki, müharibə hələ uzun müddət davam edəcək. Rusiyanın dənizdə qalan neftinin satışına icazə verilməsi mövcud problemlərin həllinə cüzi kömək etsə də, ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. Münaqişə uzandıqca gərginlik daha da ağırlaşacaq. ABŞ-nin və xüsusilə Trampın proqnozları özünü doğrultmadı. Baş verən proseslər müharibənin hələ uzun müddət davam edə biləcəyindən xəbər verir”.

Qiymət Mahir

TodayPress TV

tag: Elman Abbasov,Ümid partiyası,Vaşinqton,Rusiya ,Todaypress.tv,