Tramp Tehranı hədələdi: "İran Vaşinqtonla razılığa gəlməsə..."

Siyasət

12.12.2025 17:45

ABŞ Prezidenti Donald Tramp İranın raket proqramı ilə bağlı sərt bəyanatla çıxış edərək Vaşinqton–Tehran xəttində gərginliyin yenidən yüksələ biləcəyinə işarə edib. Trampın İranı mümkün hərbi zərbə ilə hədələməsi ABŞ–İran münasibətlərində növbəti qarşıdurma ehtimalını gündəmə gətirib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İranla İsrail–ABŞ cütlüyü arasında hərbi toqquşma ehtimalı hələ də gündəmdə qalmaqdadır və regionda təhlükəsizlik baxımından risklər aradan qalxmayıb:


“12 günlük müharibə zamanı İsrail və ABŞ hava qüvvələri İranın nüvə və raket proqramlarına zərbələr endirərək onu sarsıtsalar da, bu proqramları tamamilə sıradan çıxara bilmədilər. Tehran isə həmin texnologiyaların yenidən təkmilləşdirilməsi ilə bağlı iddialarından geri çəkilmədi. Əksinə, daha uzaq hədəfləri vura biləcək yüksək dəqiqlikli raket proqramlarını davam etdirir. Bununla yanaşı, İran nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etdiyini dəfələrlə bəyan edir”.

Politoloq qeyd edib ki, Tehran tərəfindən səsləndirilən bu izahatlar və açıqlamalar İsrail və ABŞ-ni qane etmir və hər iki paytaxtda İrana qarşı növbəti hərbi zərbələr məsələsi gündəmdə saxlanılır:

“Təl-Əviv və Vaşinqton İranın mövcud siyasətinə ciddi şübhə ilə yanaşır. Hazırda hər iki paytaxtda İrana yenidən zərbələr endirilməsi ehtimalı masa üzərindədir. Xüsusilə də ABŞ Prezidenti Donald Trampın sərt və açıq təhdidlərini yüngülə almaq olmaz. Tramp aqressiv mövqeyi ilə seçilən bir siyasətçidir”.

Əli Orucovun sözlərinə görə, proseslərin gələcək inkişafı böyük ölçüdə Tehran rejiminin davranışlarından asılı olacaq:

“Bu mərhələdə İranın atacağı addımlar həlledici rol oynayır. Əgər Tehran növbəti hərbi hücum üçün hər hansı bəhanə verməzsə, təhlükənin reallaşması da bir o qədər uzaq olar. Əks halda isə region yeni qarşıdurma mərhələsinə daxil ola bilər”.

Qiymət Mahir

TodayPress TV

tag: Əli Orucov,Politoloq,Tramp,Tehran,Todaypress.tv,