Tramp G7-ni kənara atıb “SUPER İTTİFAQ” qurur: Siyahıda Rusiya da var...

Siyasət

12.12.2025 15:16

Politikonun xəbərinə görə,   ABŞ G7-yə alternativ yaratmaq ideyasını müzakirə edir.

Yeni ittifaq "Core 5" (C5) adlanacaq. Yeni ittifaqa Rusiya, ABŞ, Çin, Hindistan və Yaponiyadan ibarət beş dövlət daxil olacaq.


"Defense One" portalı iddia edir ki, C5 gündəliyindəki ilk bənd Yaxın Şərqdəki vəziyyətin həlli ola bilər. 

Maraqlıdır, ideya G7-nin rolunu zəiflətmək cəhdi kimi dəyərləndirilə bilərmi? Belə bir format Yaxın Şərq böhranının həllində real təsir gücünə malik ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Fuad Heydər bildirib ki, C5, ABŞ-nin dünya güclərinə yenidən rəhbərlik etmə planının yeni formatıdır: 


"ABŞ-nin G7-yə alternativ kimi irəli sürdüyü C5 formatının əsas məqsədlərindən biri Amerikanın qlobal güc statusunu bir daha nümayiş etdirməkdir. Vaşinqton göstərməyə çalışır ki, bundan sonra da qlobal siyasi və iqtisadi proseslərin əsas idarəedici mərkəzi olaraq qalacaq. C5 modelinə Rusiya, ABŞ, Çin, Hindistan və Yaponiyanın daxil edilməsi də onu göstərir ki, Vaşinqton dünyanın ən böyük güclərini bir masa ətrafında toplamaq niyyətindədir".

Onun sözlərinə görə, Tramp C5 vasitəsilə G7-ni kölgədə qoyub qlobal oyun qaydalarını ABŞ liderliyi altında yenidən qurmaq istəyir: 


"Bu təşəbbüs reallaşarsa, G7-nin zəifləyəcəyi birmənalıdır. Bu da Donald Trampın yeni qlobal arxitektura yaratmaq istiqamətində atdığı addımların tərkib hissəsi kimi görünür. Trampın məqsədi dünya siyasətində “güclülərin masası”nı yenidən formalaşdırmaq və ABŞ-nin liderliyini daha sərt şəkildə ortaya qoymaqdır". 

Analitik, həmçinin əlavə edib ki, bu ABŞ-nin Rusiyanı sistemə qaytarıb böyük gücləri nəzarətli formatda birləşdirmək planıdır:

"C5-in gündəmə gəlməsi həm də Ağ Evin böyük geosiyasi planının nəticəsidir. Təklifin mahiyyəti ondan ibarətdir ki, böyük güclər arasında münaqişələri minimuma endirən, qarşılıqlı asılılığı artıran yeni format yaradılsın. Xüsusilə də Rusiyanın bu beşliyə daxil edilməsi təsadüfi deyil. Tramp administrasiyası Rusiya–Ukrayna münasibətlərini sabitləşdirməklə Moskvanı qlobal iqtisadi və siyasi əməkdaşlıq sisteminə qaytarmağa çalışır. Bu isə ABŞ-nin Rusiyanı daha çox iqtisadi inteqrasiya və biznes mexanizmləri vasitəsilə nəzarətdə saxlama strategiyasına uyğun gəlir".

 Jalə Rövşən

TodayPress TV

tag: Fuad Heydər,Siyasi analitik,Tramp,Super İttifaq,Todaypress.tv,