Tehran "qırmızı xətti" keçdi! - Yeni qarşıdurmanın "ayaq səsləri"

Siyasət

13.03.2026 13:41

İranın ali dini lideri Müctəba Xamenei nüvə məsələsinin İranın danışıqlardan kənar suveren hüququ olduğunu bəyan edib. Məlumata görə, Xamenei nüvə proqramını dayandırmağa yönəlmiş bütün beynəlxalq müqavilələri ləğv etmək əmrini verib.

Məsələ beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Politoloq Samir Hümbətov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, indiki məqamda bu qərarın arxasında iki əsas səbəb dayana bilər:


“Birinci ehtimal: İran bunu strateji bir bəhanə kimi istifadə edə bilər. Rəsmi Tehran iddia edə bilər ki, nüvə silahına malik olmadığı üçün ona qarşı beynəlxalq təhdidlər artıb; əgər belə bir silahı olsaydı, öz təhlükəsizliyini daha effektiv qoruya bilərdi.

İkinci ehtimal: İran artıq nüvə silahına sahib ola bilər. Mövcud geosiyasi vəziyyət ona imkan verir ki, Tehran bu faktı əsas gətirərək proqramdan çıxdığını elan etsin. Bu isə o deməkdir ki, Tehran beynəlxalq razılaşmaları artıq etibarsız sayır. İranın məntiqi belədir: "Əgər beynəlxalq birlik mənim hüquqlarımı və təhlükəsizliyimi təmin edə bilmirsə, öz yolumu seçirəm". Lakin bu addımın İranı haqlı vəziyyətə gətirib-gətirməyəcəyi böyük sual doğurur”.

Ekspert hazırda beynəlxalq hüquq sisteminin ciddi böhran yaşadığını və faktiki olaraq işləmədiyini deyib:    

“Dövlətlər öz maraqlarını daha çox güc yolu ilə qorumağa çalışırlar. Belə bir şəraitdə İran öz addımlarına müxtəlif don geyindirə bilər. Buna baxmayaraq, İranın onsuz da gərgin olan mövcud vəziyyətdə belə kəskin addım atması ona qarşı aqressiyanı daha da artıracaq. Bu qərar regionda sabitlik yaratmaq əvəzinə, ABŞ, İsrail və digər müttəfiq ölkələrin daxil olduğu koalisiyanın daha da genişlənməsinə və yeni bir gərginlik dalğasına yol açacaq”.  

S.Hümbətovun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərdən imtina etməsi yeni qarşıdurmanın "ayaq səsləridir":   


“Bu addım beynəlxalq ictimaiyyətin daha sərt reaksiyasına səbəb olacaq. Region dövlətləri daha təmkinli mövqe nümayiş etdirsələr də, beynəlxalq birlik bu məsələdə iki cəbhəyə bölünəcək: bir tərəfdə Çin və Rusiya faktoru, digər tərəfdə isə Qərb koalisiyasının artan təzyiqləri. Hər bir halda, İrana qarşı sanksiya və təzyiqlərin kəskinləşməsi qaçılmaz görünür”.     

Qiymət Mahir

TodayPress TV

tag: Samir Hümbətov,Politoloq,Tehran,Müctəba Xamenei,Todaypress.tv,