ŞÜPHƏLƏR ARTIR! – İranın yeni lideri haradadır?
Siyasət
13.03.2026 17:35
İsrailin Baş naziri Benyamin Netanyahunun müharibə başlayandan sonra keçirdiyi ilk mətbuat konfransında verdiyi bəyanatlar İrandakı mövcud idarəetmə böhranını dünya gündəminə gətirib.
O bildirib ki, İranın əvvəlki lideri aradan götürülüb və yeni lider Müctəba Xamenei ictimaiyyət qarşısına çıxa bilmir. Eyni zamanda, Netanyahu Tramp administrasiyası ilə münasibətlərin "100 qat daha güclü" olduğunu vurğulayıb.

Maraqlıdır, Netanyahunun Müctəba Xameneini ictimaiyyət qarşısına çıxa bilmədiyini vurğulaması İranın idarəetmə sistemində ciddi "legitimlik çatının" yarandığından xəbər verir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının sədrinin birinci müavini Ənvər Ağazadə İranın idarəetmə sistemində əsas fiqurun ali dini rəhbər olduğunu deyib:

“Konstitusiyanın 111-ci maddəsinə görə, Ali Rəhbər ölkəni idarə edə bilmədikdə və ya vəfat etdikdə Müvəqqəti İdarəetmə Şurası yaradılır. Bu şuraya üç nəfər — Prezident Məsud Pezeşkian, Məhkəmə-Ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei və Ekspertlər Şurasının üzvü, din xadimi Əlirza Ərafi rəhbərlik edir. Şuranın ən aktiv siması olan prezident Pezeşkianın qonşu ölkələrə, xüsusən də martın 4-də Naxçıvana edilən PUA hücumuna görə Azərbaycana ünvanladığı üzrxahlıq müraciəti ölkə daxilində birmənalı qarşılanmadı. Prezident İlham Əliyevin bu hücumu terror aktı kimi qiymətləndirib kəskin reaksiya verməsindən sonra istənilən üzr SEPAH rəhbərliyi tərəfindən tənqid olundu. Onlar hücumda iştiraklarını inkar edərək, hər hansı təhdidə qarşı (Körfəz ölkələri də daxil olmaqla) sərt zərbə vuracaqlarını bəyan etdilər”.
Analitik hazırda idarəçiliyin tamamilə SEPAH-ın nəzarətinə keçdiyini bildirib:

“Yeni lider Müctəba Xameneinin seçildiyi elan edilsə də, onun ağır yaralandığı və ya komaya düşdüyü ilə bağlı iddialar dolaşır. Rəsmi Tehran bu məlumatları təkzib etsə də, liderin xalqa canlı müraciətinin olmaması, müraciətlərin yalnız yazılı şəkildə təqdim edilməsi şübhələri artırır. Bu qeyri-müəyyənlik bəzi analitiklər tərəfindən SEPAH-ın "dövlət çevrilişi" kimi qiymətləndirilir. Yeni liderin adından yayılan radikal bəyanatlar — qisas çağırışları və Hörmüz boğazının bağlanması təhdidləri də məhz SEPAH-ın strateji xəttini əks etdirir”.
Ənvər Ağazadənin fikrincə, İran üçün çıxış yolu Pezeşkianın islahatçı və barışdırıcı yanaşması olsa da, SEPAH rəhbərliyi altında davam edən radikal xətt həm bölgə, həm də dünya üçün ciddi təhlükə vəd edir:

“SEPAH-ın bu davranışı ABŞ və İsrailin hərbi zərbələrinin şiddətlənməsinə yol açır. Hətta İsrailin Baş naziri Tehranda yaşayan dinc əhaliyə də müraciət etmişdi ki, şəhəri tərk etsinlər, aviazərbələr endiriləcək. Yəqin ki, günün sonunda Tehrana ciddi zərbələrin endiriləcəyinin şahidi olacağıq”.
Siyasətçinin sözlərinə görə, yeni liderin seçilməsi prosesi də daxildə ciddi suallar doğurub. Belə ki, Ekspertlər Şurasının üzvü Ayətullah Heydəri seçki prosedurlarının pozulduğunu, kvorumun qeyri-şəffaf şəkildə təmin edildiyini bildirib. Onun iddialarına əsasən seçkidə minimum kvorum əldə olunub və ali dini lider 85% səslə seçilib”.
Qiymət Mahir
tag: Ənvər Ağazadə,Siyasi ekspert,Ümid Partiyası,Müctəba Xamenei,İran,Ali dini lider,Todaypress.tv,
