Ramiz Yunus: Azərbaycan bu iki əsas mərkəz arasında balansı saxlamalıdır...

Siyasət

24.11.2025 18:16

“Sovet İttifaqı dağıldıqdan sonra dünya son 35 il ərzində sanki inersiya ilə yaşayır və təəssüf ki, hüququn gücü artıq işləmir. Onun yerini gücün hüququ alır və beynəlxalq institutlar isə öz təsirlərini tamamilə itirir”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu tədris ocağında keçirilən “Dünya nizamında xaos: Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar” mövzusunda mühazirəsində deyib.

O bildirib ki, bu gün dünyanın stabilləşmədiyi aydın görünür. Rusiyanın isə Ukraynaya qarşı 4 ilə yaxındır davam edən genişmiqyaslı təcavüzü çoxsaylı həll olunmamış problemləri ortaya çıxarıb: 

“Artıq dünya çoxqütblü və konfliktlidir və gördüyümüz kimi Çin, Rusiya, Hindistan, Türkiyə kimi regional güclərin rolu artır. Dünya artıq piramida deyil, mozaika kimidir. Bu qarşıdurma yalnız iqtisadi və texnoloji mübarizə deyil, həm də sivilizasiyaların fərqli modelləri uğrunda gedən mübarizədir. 

Çin “Bir kəmər, bir yol” təşəbbüsünü inkişaf etdirir və  Çin Respublikasının nüfuzlu liderlərindən biri olmuş Den Syaopinin siyasətinə, eləcə də öz ənənələrinə sadiq qalaraq birbaşa toqquşmalardan qaçmağa çalışır və yavaş-yavaş hörümçək toru kimi həm yaxın coğrafiyasında, həm də hüdudlarından çox-çox uzaqlarda iqtisadi gücü ilə nəhəng bir ərazini əhatə edir. 

ABŞ isə öz növbəsində müttəfiqlərinə qarşı sərt təzyiq siyasəti yürüdür, bir çox əvvəlki razılaşmaları ləğv edir və eyni zamanda xarici siyasətində iqtisadi maraqları ideologiyadan üstün tutaraq dünya polisi rolundan əl çəkməyə çalışır”.

R.Yunus xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin son görüşlərindən sonra planetin iki böyük iqtisadiyyatı olaraq bir illik sülh sazişi imzalayıblar:

“Hamımız başa düşməliyik ki, bu iki ölkə həm rəqabət aparmaq, həm də razılığa gəlməyə məhkumdur və çox şey qlobal geosiyasi konyunkturadan asılı olacaq. Məhz buna görə də Azərbaycan üçün bu iki əsas mərkəz arasında balansın saxlanması çox vacibdir”.

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Balans,Todaypress.tv,