Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu təyinata qədər 2021-ci ildən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

TodayPress TV Rəşad Məmmədov haqqında məlumatları təqdim edir:
O, 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.
1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Daha sonra G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistratura pilləsini bitirib. 2017–2020-ci illərdə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasında təhsil alaraq hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1990-cı ildə Ədliyyə Nazirliyində kargüzar kimi başlayan Rəşad Məmmədov 1992–1994-cü illərdə həqiqi hərbi xidmətdə olub və Birinci Qarabağ müharibəsində iştirak edib. O, Goranboy ikinci ərazi batalyonunda və Murov istiqamətində yerləşən hərbi hissədə döyüş yolu keçib.
1995–2000-ci illərdə Bakı Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə çalışan Rəşad Məmmədov 2000-ci ildən diplomatik fəaliyyətə başlayaraq Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, daha sonra Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü və ikinci katib vəzifələrində işləyib.
2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq hüquq məsələləri şöbəsinin müdiri olub. 2008–2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunda əvvəlcə baş konsul vəzifəsini icra edib, daha sonra baş konsul kimi fəaliyyət göstərib.
2015–2021-ci illərdə Azərbaycanın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Rəşad Məmmədov 26 iyul 2021-ci ildə Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 24 iyul 2026-cı ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Rəşad Məmmədova 2010-cu ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, 2017-ci ildə isə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbələri verilib.
Diplomatik fəaliyyəti dövründə III dərəcəli "Vətənə xidmətə görə" ordeni, Qazaxıstanın II dərəcəli "Dostluq" ordeni, "Qazaxıstanın müstəqilliyinin 25 illiyi" medalı, Qazaxıstan Xalqı Assambleyasının "Birlik" qızıl medalı, Azərbaycan və Qazaxıstan diplomatik xidmət orqanlarının yubiley medalları, eləcə də TÜRKSOY-un "Türk dövlətlərinin müstəqilliklərinin 25 illiyi" medalı ilə təltif edilib.
Rəşad Məmmədov ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.
Qiymət Mahir