Pezeşkian SEPAH-ı “cilovlaya” bilmir – İran ikiyə bölünüb!

Siyasət

05.05.2026 12:44

İran Prezidenti Məsud Pezeşkianın SEPAH-la münasibəti haqqında yayılan son məlumat ölkə rəhbərliyindəki dərin çatları gün üzünə çıxarıb. 

"Iran International"ın yaydığı məlumata görə, Pezeşkian SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) hökumətdən icazəsiz BƏƏ-yə raket və PUA zərbələri endirməsindən bərk qəzəblənib. Prezident bu addımı "məsuliyyətsizlik" və "dəlilik" adlandıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlərin geri dönüşü olmayan ağır nəticələri ola bilər.

Bu hadisə SEPAH-ın hökumətə tabe olmadığını rəsmən təsdiqləyir. Maraqlı mənzərə yaranıb: xarici işlər naziri Abbas Əraqçi Pakistanda diplomatik görüşlər keçirdiyi vaxtda, SEPAH Hörmüz boğazında gəmiləri ələ keçirir. Pezeşkian sülh və diplomatiyadan danışanda, hərbçilər ABŞ gəmilərini batırmaqla hədələyirlər. İndi isə prezidentin xəbəri olmadan qonşu ölkəyə birbaşa zərbələr endirirlər.

Pezeşkianın SEPAH-ı bu qədər sərt tənqid etməsi sıradan bir hadisə deyil. O, sadəcə bir hərbi səhvi yox, ordunun ümumi strateji xəttini "dəlisovluq" adlandırır. Bu da göstərir ki, İranda artıq iki ayrı idarəetmə mərkəzi var.

SEPAH artıq sadəcə ordu deyil; iqtisadiyyatı və xarici siyasəti idarə edən nəhəng bir gücdür. Onlar diplomatiya yox, güc nümayişi tərəfdarıdırlar. Bir növ “dövlət içində dövlət”. Əraqçi və Pezeşkian dünyanı nəyəsə inandırmağa çalışanda, SEPAH-ın bir zərbəsi bütün danışıqları alt-üst edir. Bu vəziyyət xarici ölkələr üçün də böyük riskdir, çünki qarşılarında vahid bir rəhbərlik yoxdur.

BƏƏ kimi strateji tərəfdaşlara hücum etmək qarşıdurma vəziyyətini daha fərqli mərhələyə çevirə bilər. Pezeşkian yaxşı anlayır ki, bu yol İranın iqtisadi iflasına və ya böyük bir müharibəyə sürüklənməsinə səbəb olacaq.

Əslində, İranın gələcəyi bu daxili qarşıdurmanın nəticəsindən asılıdır. Əgər Pezeşkian SEPAH-ı “cilovlaya” bilməsə, diplomatların masada nə deməsindən asılı olmayaraq, ölkə qaçılmaz olaraq yeni müharibə alovuna düşəcək. 

Qiymət Mahir

tag: İran,SEPAH,Məsud Pezeşkian,BƏƏ,Todaypress.tv,