İranda yeni silahlı qruplaşma ortaya çıxdı: Tehranın təhlükəsizliyi sual altında
Siyasət
12.12.2025 17:57
İranın Sistan və Bəlucistan əyalətində "Xalq Mübarizləri Cəbhəsi" adlı yeni silahlı qruplaşma meydana çıxıb. Qruplaşma yayımladığı bəyanatda dekabrın 10-da Zahidanda SEPAH üzvlərinin olduğu avtomobillərə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Hücum nəticəsində 4 SEPAH üzvü həlak olub, 4 nəfər yaralanıb. Qruplaşma məqsədinin "İslam Respublikasının quruluşuna və ayrı-seçkiliyə qarşı mübarizə" olduğunu bildirib.
Maraqlıdır, yeni silahlı qruplaşmanın ortaya çıxması İranın regional təhlükəsizliyinə hansı riskləri yaradır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, son proseslər İranın həm regional təsirini, həm də hərbi-siyasi dayanıqlığını ciddi şəkildə zəiflədib:

"Son aylarda baş verən hadisələr İranın mövqelərini xeyli zəiflədib. Suriyada hakimiyyət dəyişikliyi zamanı Tehran faktiki olaraq müdaxilə edə bilmədi. ABŞ və İsrailin nüvə proqramı ilə bağlı irəli sürdüyü təklifləri qəbul etməməsi isə İrana qarşı hücumlara, nüvə obyektlərinin sıradan çıxarılmasına, infrastrukturun zədələnməsinə və dinc insanların həlak olmasına gətirib çıxardı".
Onun sözlərinə görə, İran geri çəkilmək niyyətində deyil və uranın ölkə daxilində zənginləşdirilməsində israr edir. Bu mövqe gələcəkdə Tehrana qarşı yeni hərbi zərbələrin ehtimalını artırır.
Ekspert, həmçinin vurğulayıb ki, sanksiyalar və daxili hücumlar İranın durumunu ciddi şəkildə gərginləşdirir:
"Sanksiyaların bərpası və yenilərinin gündəmə gəlməsi də İran iqtisadiyyatına ciddi zərbə vurur. Bu fonda ölkə daxilində silahlı qruplaşmaların fəallaşması, hərbçilərə qarşı hücumların artması vəziyyəti daha da ağırlaşdırır. Tehran yaxşı bilir ki, bu qrupların bir qismi xaricdən dəstəklənir".
A. Səmədov sonda əlavə edib ki, bununla belə, İran güclü təhlükəsizlik strukturlarına malikdir və bu tip təhdidlərin qarşısını almağa çalışır. Lakin mövcud mənzərə göstərir ki, sanksiyalar, mümkün hərbi zərbələr və daxili gərginlik fonunda ölkəni yaxın vaxtlarda sabit vəziyyətin gözlədiyini demək çətindir.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,İran,Silahlı Qruplaşma,Todaypress.tv,
