Hər bir ssenariyə hazır olmalıyıq - Ramiz Yunus AÇIQLADI

Siyasət

25.11.2025 16:29

“Son beş ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlara imza ataraq sübut edib ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər”. 

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu universitetdə keçirilən “Dünya nizamında xaos: Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar” mövzusunda mühazirəsində deyib.

Onun sözlərinə görə, bu uğurlarla yanaşı, istər yüz il əvvəl, istərsə də yaxın tariximizdə buraxdığımız səhvləri unutmamalı, düzgün nəticə çıxarmalı və onların bir daha təkrarlanmamasına çalışmalıyıq:

"Dövlət olaraq o qədər güclü olmalıyıq ki, nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir daha torpaqlarımıza göz dikmək fikri gəlsin. Biz hər zaman hər bir ssenariyə hazır olmalıyıq. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi birlik bu gün də ən böyük strateji üstünlükdür. Yaxın coğrafiyadakı qlobal xaos və qeyri-sabitliyi nəzərə alaraq, həm Vətən müharibəsi zamanı, həm də son beş ildə nümayiş etdirdiyimiz kimi, vahid ideya ətrafında birləşmiş güclü ölkə və cəmiyyət olaraq qalmaq çox vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik".

Professor inanır ki, xaos və qeyri-müəyyənlik dövründə ən güclü silah bilik və yaradıcılıqdır:

"Yeni nizamı tək siyasətçilər deyil, məhz sizin kimi düşünən, araşdıran, sual verən gənclər quracaq. Azərbaycan gələcəyini elmə, təhsilə və milli birliyə əsaslanaraq qurmalıdır. Məşhur hərbi strateq Karl fon Klauzevits deyirdi: “Əsrlərdən bəri yalnız böyük qələbələr böyük nəticələrə gətirib çıxarıb".

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Professor,Ssenari,Azərbaycan,Todaypress.tv,