Ərəblərdən İrana fars tələsi: BƏƏ-nin "OPEC" gedişi Tehranı necə zəiflədir?

Siyasət

29.04.2026 21:57

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən etibarən “OPEC” və “OPEC+” təşkilatlarından çıxaraq kartel məhdudiyyətlərindən kənarda hasilatı artırmaq üçün daha çox sərbəstliyə malik olacaq. 

Bəs bu addım İranın neft gəlirlərinə nə dərəcədə ciddi zərbə vura bilər? 

İqtisadçı Akif Nəsirli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu addım İranın BƏƏ-yə həftələrlə raket və dron hücumları etməsindən sonra gəlib. 


O əlavə edib ki, İranın Hörmüz boğazındakı gəmilərə hücumları BƏƏ-nin neft ixracını ciddi şəkildə çətinləşdirib. İqtisadçının sözlərinə görə, birbaşa təsir baxımından BƏƏ-nin “OPEC”dən çıxması İranın gəlirlərini ani olaraq artırmır, əksinə azaldır. Bunun səbəbi odur ki, BƏƏ-nin çıxışından sonra təşkilatın strukturu zəifləyəcək, bu isə İranın da daxil olduğu istehsalçılar üçün qiymət koordinasiyasını çətinləşdirəcək. 

“BƏƏ ixracı dayandırandan sonra xam neftin qiyməti ilk dəfə aprelin 10-dan bəri 100 dolları keçib. “Brent” markalı neft isə 113 dollara yaxınlaşıb. Bu qiymət artımı ilk baxışda İran üçün müsbət görünür, lakin məsələnin başqa tərəfi var. İran Hörmüz boğazına nəzarət edir və bu dar keçiddən dünyanın neftinin beşdə biri ötür. Lakin ölkə gəmilərə hücumlar edərək nəqliyyatı məhdudlaşdırır. Yəni, Tehran nefti yüksək qiymətə satmaq istəyir, amma eyni zamanda həmin neftin bazara çıxışını blok edir. Bu paradoksal vəziyyətdə İranın özü də bazara çıxa bilmir, çünki artıq sanksiyalar mövcuddur və hərbi gərginlik ixrac imkanlarını daha da daraldır”, - deyə ekspert izah edib.


A. Nəsirli vurğulayıb ki, Hörmüz boğazının bağlı olması səbəbindən BƏƏ-nin artırılmış istehsalının qısa müddətdə qlobal bazarlara nə dərəcədə çata biləcəyi hələ bəlli deyil. 

O sonda bildirib ki, Əmirliyin “OPEC”dən çıxması İrana birbaşa maliyyə zərbəsi vurmur, lakin dolayı yolla zəiflədir. İqtisadçının sözlərinə görə, “OPEC”in parçalanması İranın diplomatik gücünü sarsıdır və neft qiymətlərini uzunmüddətdə aşağı çəkə biləcək əlavə təklif riskini artırır. 

Aysel Mətləb

TodayPress TV

tag: OPEC,BƏƏ,İran,Neft,Hörmüz,TodayPress TV,