Doha üçün prioritet İranla qarşıdurmadan yayınmaqdır – RƏY

Siyasət

13.03.2026 14:55

“Qətərin İranla bağlı hazırkı mövqeyi onun uzun illər formalaşdırdığı neytral diplomatiya strategiyası ilə uyğun gəlir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.   


Analitikin sözlərinə görə, Qətər həm regional, həm də beynəlxalq siyasətdə nüfuzunu qorumaq və genişləndirmək üçün zorakı hərbi əməliyyatlardan çəkinməyə üstünlük verən ölkədir.

Bununla belə, İranın Qətərə raket zərbələri endirməsi yeni təhlükəsizlik reallığı yaradır və Doha üçün strateji qərarların yenidən nəzərdən keçirilməsinə səbəb olur.

Siyasi şərhçi qeyd edib ki, hərbi zərbə qərarı bir neçə aspektdən qiymətləndirilməlidir:  


"İlk növbədə Qətərin hərbi imkanları və bu imkanların İranla mümkün qarşıdurmada nə dərəcədə effektiv ola biləcəyi nəzərə alınmalıdır. Qətər kiçik dövlət olsa da, ABŞ və digər Qərb ölkələri ilə hərbi əməkdaşlıq nəticəsində müasir silah sistemlərinə çıxışı var. Lakin bu, İranın regional hərbi gücü və raket arsenalı ilə müqayisədə balansın Qətər tərəfdən ciddi şəkildə dəyişəcəyi anlamına gəlmir".  

R.Bayramov əlavə edib ki, Qətərin birbaşa hərbi əməliyyata başlaması regionda genişmiqyaslı eskalasiya riskini artıra bilər və bu, Doha üçün ciddi təhlükələr yaradar. Ekspert, həmçinin diplomatik və iqtisadi amillərin də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Qətər İrana qarşı açıq hərbi addım atarsa, bu yalnız Tehranla münasibətləri pozmaqla kifayətlənməz, həm də Körfəz regionunda digər dövlətlərlə balans siyasətini çətinləşdirər. 


“Qətərin əsas strategiyası vasitəçilik və neytrallıq üzərində qurulub. ABŞ və İran arasında dialoqun saxlanması, eləcə də enerji və ticarət əlaqələrinin qorunması Qətər üçün prioritetdir”.

Politoloq, həmçinin beynəlxalq hüquq və regiondakı təhlükəsizlik kontekstinin də nəzərə alınmalı olduğunu bildirib. Onun fikrincə, Qətərin hərbi hücuma keçməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidə səbəb ola və ölkənin neytrallıq imicinə zərbə vura bilər. Bunun əksinə, diplomatik və sülh yönümlü yanaşma həm İranla, həm də ABŞ və digər regional aktorlarla münasibətlərin davamlılığını təmin edə bilər.  


R. Bayramov hesab edir ki, hazırkı şəraitdə Qətərin İrana qarşı hərbi zərbə endirməsi ehtimalı çox aşağıdır. Onun fikrincə, Doha üçün əsas prioritet İranla qarşıdurmadan yayınmaq və eyni zamanda regional və qlobal diplomatik imkanları qorumaqdır:

“Qətər ehtimal olunan hücumlara qarşı daha çox müdafiə tədbirləri və diplomatik kanallar vasitəsilə cavab verməyə üstünlük verəcək. Zorakı hərbi addımlar əvəzinə sülh və dialoq vasitəsilə regional sabitliyin qorunması ölkənin uzunmüddətli təhlükəsizliyi və nüfuzu üçün daha məntiqli görünür”.   

Aysel Mətləb

TodayPress TV

tag: Rəşad Bayramov,Politoloq,Qətər,İran,Doha,Todaypress.tv,