Dekabrın 13-ü Avropada kritik görüş: Tramp faktoru nə vəd edir?

Siyasət

12.12.2025 17:20

ABŞ Prezidenti Donald Tramp mediaya açıqlamasında dekabrın 13-də Avropada Ukrayna ilə keçiriləcək görüşdə iştirak edə biləcəyini açıqlayıb. 

Maraqlıdır, Prezident Trampın bu görüşə qatılması müharibənin gedişinə real siyasi təsir göstərəcəkmi, yoxsa bu addım daha çox diplomatik jest xarakteri daşıyır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Avropaya münasibəti bu günə qədər Avropa liderlərinin vərdiş etmədiyi tərzdə formalaşdığı üçün qitədə ciddi təşviş yaranıb:


“Rusiya qorxusu Avropanı təlaşlandırıb və Avropa artıq Ukraynaya öz xilaskarı kimi baxır. Məhz bu səbəbdən Avropa Ukraynanı təslimçi şərtlərlə sülhdən çəkindirir və ona hər cür dəstək verəcəyini bəyan edir. Rusiyanın qələbə hesab ediləcək şərtlərini qəbul etmək Ukraynadan daha çox Avropanın məğlubiyyəti kimi dəyərləndiriləcək. Daha doğrusu, Rusiya bunu həm öz daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə məhz bu formada təqdim edəcək. Avropa da hər vəchlə bunun qarşısını almağa çalışır”.

Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gəldikdən sonra atdığı addımlarla ABŞ-ni bu müharibədən faktiki olaraq təcrid etməyə nail olub:

“Ukraynanın mümkün məğlubiyyətində ABŞ artıq pay sahibi hesab edilmir. Buna görə də Trampın əsas istəyi müharibəni mümkün qədər tez dayandırmaq və Nobel Sülh Mükafatını almaqdır. Bu fonda Trampın Avropada keçiriləcək görüşdə iştirakı Avropa liderlərinin Zelenskiyə təsir gücünü neytrallaşdırmaq məqsədi daşıyacaq”.

Azər Qasımovun sözlərinə görə, Tramp yekun qərarın məhz Avropada və birgə şəkildə qəbul olunmasına nail olmaqla paralel olaraq Avropa üzərində öz siyasi hegemonluğunu da nümayiş etdirmək niyyətindədir:

“Bu baxımdan proses daha çox hərbi və ya strateji deyil, diplomatik manevr xarakteri daşıyacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Tramp,Görüş,Todaypress.tv,