Bu dəfə Yaxın Şərq üçün toplaşırlar: Nələr müzakirə olunacaq? - ŞƏRH
Siyasət
13.03.2026 21:12
“Yaxın Şərqdə artan gərginlik təkcə regionu deyil, Avropanın siyasi və iqtisadi sabitliyini də təsir altına ala bilər. Bu səbəbdən məsələ Avropa İttifaqının gündəmində əsas mövzulardan biri olacaq”.
Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik Avropa Şurasının Prezidenti Antonio Koştanın martın 19-da Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları ilə planlaşdırılan görüşündə əsas müzakirə mövzularından birinin Yaxın Şərqdəki vəziyyət olacağını vurğulayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə cərəyan edən proseslərin Avropaya siyasi və iqtisadi baxımdan yarada biləcəyi fəsadlar ətrafında fikir mübadiləsi aparılması gözlənilir.
“Avropanın atacağı mümkün addımların da bu görüşdə müzakirə olunacağı ehtimal edilir. Çünki Yaxın Şərqdə silahlı qarşıdurma daha da eskalasiya edərsə, bu vəziyyət miqrasiya probleminin yenidən gündəmə gəlməsinə səbəb ola bilər və buna görə preventiv addımların nəzərdən keçirilməsi mümkündür”, - deyə o izah edib.

Siyasi şərhçi qeyd edib ki, Aİ-nin enerji bazarı Fars körfəzi ölkələrinin enerji daşıyıcılarından əhəmiyyətli dərəcədə asılıdır və dünya enerji bazarında yaranan qeyri-müəyyənliklər getdikcə daha ciddi narahatlıq yaradır.
Onun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin artması birbaşa Avropa iqtisadiyyatına mənfi təsir göstərir və bu səbəbdən İttifaqa üzv ölkələr hadisələrin mümkün inkişaf ssenarilərinə uyğun hazırlıq tədbirlərini müzakirə etmək niyyətində ola bilərlər.
Politoloq hesab edir ki, Antonio Koşta görüş zamanı məhz bu məsələlər ətrafında müzakirələr aparacaq.

O, eyni zamanda Avropa üçün əsas istiqamətlərdən birinin də Ukrayna məsələsi olduğunu qeyd edib:
“Yaxın Şərqdəki vəziyyətin Avropanın diqqətini Ukraynadan yayındırmasına yol verilməməsinə çalışılır. Görüş zamanı Rusiyaya təzyiq məsələsi müzakirə oluna bilər. Bu çərçivədə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanları və Ukraynaya dəstəyin daha da gücləndirilməsi məsələlərinin müzakirə predmeti olması mümkündür. Ukrayna Avropa ölkələrinin diqqətinin periferiyasında qalmır və Avropa dövlətləri Kiyevə dəstəklərini davam etdirmək, eyni zamanda Rusiyaya təzyiqləri saxlamaq və hətta gücləndirmək niyyətindədirlər”.

E. Mirbəşiroğlu əlavə edib ki, digər mühüm məsələlərdən biri də Qəzza və İordan çayının sağ sahilindəki vəziyyətlə bağlıdır. Avropa İttifaqı həmin istiqamətdə də öz mövqeyini və gələcəkdə atmalı olacağı addımları müzakirə edə bilər, həmçinin mümkün tədbirlər planı üzərində düşünə bilər.

Ekspertin sözlərinə görə, bütün bunlar göstərir ki, Avropa baş verən proseslərdən kənarda qalmaq istəmir, həm proseslərə təsir imkanlarını saxlamağa çalışır, həm də hadisələrin mümkün nəticələrinə uyğun addımları indidən müəyyənləşdirmək niyyətindədir.
Siyasi analitik sonda bildirib ki, Yaxın Şərqdə baş verən proseslər nəzarətdən çıxa bilər. Belə olarsa, bunun mənfi nəticələrini Avropa da hiss edə bilər. Onun fikrincə, məhz buna görə indidən preventiv addımlar haqqında düşünmək məntiqlidir və martın 19-da keçiriləcək görüşdə əsas müzakirələr də böyük ehtimalla bu məsələlər ətrafında aparılacaq.
Qeyd edək ki, Avropa Şurasının Prezidenti Antonio Koşta martın 19-da Avropa İttifaqı dövlət və hökumət başçılarının Yaxın Şərqdəki vəziyyəti müzakirə etməsi üçün görüş keçirəcək.
Görüşün gündəliyinə Ukrayna, Livandakı vəziyyət, Qəzza zolağı və Qərb sahili məsələləri də daxildir.
Aysel Mətləb
tag: Yaxın Şərq,İran,Rusiya,Ukrayna,Livan,Elşad Mirbəşiroğlu,TodayPress TV,
