Azərbaycan təyyarəsini İrəvan aeroportunda görən erməni mediasında - gündəm dəyişdi

Siyasət

29.04.2026 11:55

Azərbaycan Respublikası Baş nazirinin müavini, eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ermənistana işgüzar səfər edib.

TodayPress TV xəbər verir ki, səfərin əsas məqsədi iki ölkə arasında sərhədin dəqiqləşdirilməsi prosesinin davam etdirilməsi, Dövlət Komissiyasının növbəti görüşünün keçirilməsi və bu istiqamətdə texniki məsələlərin müzakirəsi olub.

Rəsmi məlumatlara görə, bu görüşlər Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi baxımından atılan addımların tərkib hissəsidir.

Maraqlıdır ki, səfər zamanı Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına enməsi də diqqət çəkib. Bakı–İrəvan birbaşa uçuşu nadir hallarda baş tutan hadisələrdən biri kimi qiymətləndirilir.

Bundan əvvəl, 2025-ci ilin sentyabrında da tərəflər arasında qarşılıqlı səfərlər həyata keçirilmiş, nümayəndə heyətləri Zəngilan və Sünik (Qərbi Zəngəzur) sərhəd bölgələrində görüşlər keçirmişdilər. Bu cür təmaslar sərhəd xəttinin dəqiqləşdirilməsi və dialoqun davam etdirilməsi baxımından prosesin mərhələli şəkildə irəlilədiyini göstərir.

Qeyd edək ki, erməni mediası  səfərə geniş yer ayırıb. Xüsusilə bəzi media orqanları Şahin Mustafayevin regiondakı nəqliyyat və logistika məsələlərinə dair fikirlərinə, o cümlədən Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana yük daşımaları mövzusuna diqqət yönəldib. Eyni zamanda onun Ermənistanda doğulması və erməni dilini bilməsi kimi məqamlar da yerli mətbuatda tez-tez xatırladılır.

Həmçinin erməni ekspertlər  və media şərhlərində prosesin sürəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi yanaşmalara görə, Azərbaycan tərəfi delimitasiya və sülh müqaviləsi istiqamətində prosesi daha sürətlə irəlilətməyə çalışır, Ermənistanın isə bu prosesdə ciddi şəkildə geri addım atmaq və ya dayanmaq imkanının olmadığı qeyd olunur.

Səfər ümumilikdə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi və gələcək sülh prosesinin davamı kimi qiymətləndirilir.   

Jalə Rövşən

TodayPress TV

tag: Şahin Mustafayev,Azərbaycan,Ermənistan,Səfər,Todaypress.tv,