23 milyard manatlıq bərpa: Qarabağda proses sürətlənir

Siyasət

25.11.2025 13:16

"25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və məskunlaşma prosesi sürətlə davam edir. Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda yaşayış, istehsal və sosial infrastrukturun bərpası yeni mərhələyə qədəm qoyub.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Onun sözlərinə görə, artıq 62 mindən çox vətəndaş doğma yurduna qayıdıb və 2025-ci ilin sonunadək məskunlaşan ailələrin sayı 10 min 270-ə çatacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə ümumilikdə 140 min insan yaşayacaq.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan quruculuq işləri misilsiz miqyas alıb:

“Son beş ildə dövlət başçısı azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak edib, 177 layihənin təməlini qoyub və 167 obyektin açılışını həyata keçirib. Bu, bərpa işlərinin nə qədər intensiv aparıldığının bariz göstəricisidir”.

Vüqar Bayramov Qarabağ və Şərqi Zəngəzurda sənaye parkları ilə bağlı rəqəmləri də açıqlayıb:

“Ağdam" və "Araz Vadisi" sənaye parklarında artıq 50 rezident, 7 qeyri-rezident müəssisə fəaliyyətə başlayıb. Layihələrin ümumi dəyəri 454 milyon manatdır, yatırılan investisiyalar isə 185 milyon manatı ötüb. 1057 yeni iş yeri yaradılıb, Ağdam Sənaye Parkında istehsal olunan məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib”.

Parlamentari vurğulayıb ki, Qarabağda istehsal edilən məhsulların dünya bazarlarına çıxması regionun iqtisadi güc mərkəzinə çevriləcəyinin göstəricisidir. O, həmçinin bildirib ki, dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına indiyədək 23 milyard manata yaxın vəsait ayrılıb:

“Gələn il büdcədən 3,5 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Region tam şəkildə daxili maliyyə mənbələri hesabına qurulur və inkişaf etdirilir”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Qarabağ,Bərpa,Todaypress.tv,