Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi
Mədəniyyət
15.11.2025 11:04
Daşkənddə Mərkəzi Asiyada mənəvi irs və maarifçilik mövzusunda beynəlxalq konqres keçirilir
TodayPress TV xəbər verir ki, 13–15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.
Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanla yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edir. Ölkəmizi konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub. Açılış nitqini söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov tədbirin beş dost ölkəni bir araya gətirməsinin regional mədəni əməkdaşlığa töhfə verdiyini qeyd edib.
Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan nümayəndə heyətinin tədbirə dəvətinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib. Nazir Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, son illər bu ölkələrlə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, mədəniyyət sahəsində əməkdaşlığın dinamik şəkildə genişləndiyini, birgə festivallar, mədəniyyət günləri, yaradıcılıq təşkilatları və təhsil qurumları arasında əməkdaşlığın əlaqələri daha da gücləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev də çıxış ediblər. Onlar ölkələr arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlər səsləndiriblər.
tag: Daşkənd ,Mərkəzi Asiyada mənəvi irs və maarifçilik,Adil Kərimli,Konfrans,
