ABŞ-də çay səviyyəsi 70 illik rekordu qırdı: Xilasetmə əməliyyatına çətinlik
ABŞ-nin Florida ştatında güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Bölgədə xilasetmə əməliyyatları davam edir.
TodayPres TV xəbər verir ki, "CBS News"un məlumatına görə, son iki gündə bəzi ərazilərdə yağıntının miqdarı 60 santimetri ötüb.
Daşqınlar nəticəsində yüzlərlə xilasetmə əməliyyatı həyata keçirilib.
Brevard dairəsində xilasedicilər su altında qalan ərazilərdən 100-dən çox insanı təxliyə ediblər. Ən çox zərər Kokoa şəhərində qeydə alınıb.
Sent-Cons çayında suyun səviyyəsi 5,5 metri keçərək son 70 ilin rekordunu yeniləyib. Meteoroloqlar səviyyənin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər.
Kanaveral burnunda son 48 saat ərzində 68 santimetr yağış yağıb. Melburn şəhərində isə noyabr ayı üzrə yağıntı rekordu qeydə alınıb.
Brevard dairəsinin şerifi Ueyn Ayvi bildirib ki, ciddi maddi ziyana baxmayaraq, ölənlər barədə məlumat yoxdur.
Meteoroloqlar Floridanın şərq sahili boyunca daşqın təhlükəsinin davam etdiyini və əlavə 15-20 santimetr yağıntının gözlənildiyini bildiriblər.
Proqnozlara görə, fırtına daha sonra ABŞ-nin şərq sahili boyunca Şimali və Cənubi Karolina istiqamətində hərəkət edəcək.
Türkan İsgəndərli