Torpaqları şoranlaşmadan xilas edən üsullar – NƏ ETMƏLİ

Torpaqları şoranlaşmadan xilas edən üsullar – NƏ ETMƏLİ
25.11.2026 18:09 İqtisadiyyat

Torpaq ehtiyatlarının səmərəli istifadəsi kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Torpaqların şoranlaşması isə onların münbitliyinin azalmasına, məhsuldarlığın aşağı düşməsinə və əkin sahələrinin məhdudlaşmasına səbəb olan əsas problemlərdən biridir. 

Yararsız vəziyyətə düşmüş torpaqların bərpası və yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması xüsusi aktuallıq kəsb edir.

Bəs şoranlaşmış torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı  TodayPress TV - yə  açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, şoranlaşmış torpaqları əkin dövriyyəsinə qaytarmaq üçün ilk növbədə həmin ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq lazımdır. 

“Bunun üçün dərin drenaj kanalları qazılır və qrunt suları axıdılır. Nəticədə tərkibində zərərli duzlar olan qrunt sularının səviyyəsi torpağın münbit üst qatından aşağı enir.

Ardınca suvarma aparılır, suvarma suyu ilə torpaq yuyulur. Yəni torpaq elə suvarılır ki, su onun üzərindən axıb gedir. Buna suvarma deyil, torpağın yuyulması deyilir. Bu üsulla torpaq tərkibinə qarışan duzlardan təmizlənir.

Torpaq quruduqdan sonra şumlanır və yenidən suvarılaraq yuyulur. Daha sonra həmin torpaq təkrar şumlanır və üzərinə üyüdülmüş gips səpilir. Gipsin torpağın tərkibinə qarışması üçün yenidən şumlama aparılır.

Bundan sonra həmin torpaqlarda bir neçə il müxtəlif dənli bitkilər əkilir. Əgər qrunt sularının səviyyəsi kifayət qədər aşağı düşübsə, torpağı əkinə yararlı vəziyyətə gətirmək mümkün olur”.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər