İmran Bhatti: "Orta Dəhliz Pakistan–Azərbaycan əməkdaşlığında yeni imkanlar açır"
İqtisadiyyat
08.11.2025 15:14
Azərbaycanın enerji diplomatiyası və logistika sahəsindəki təcrübəsi Pakistanın nəqliyyat-kommunikasiya infrastrukturunun modernləşməsinə töhfə verə bilər.
TodayPress TV xəbər verir ki, bunu Pakistanlı geoiqtisadi analitik və politoloq İmran Bhatti AZƏRTAC-a müsahibəsində bildirib.
Çin-Pakistan İqtisadi Dəhlizi ilə Orta Dəhlizin strateji yaxınlaşması iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Onun sözlərinə görə, Pakistanın mineral resursları Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış əldə edə, Azərbaycanın enerji diplomatiyası və logistika sahəsindəki təcrübəsi isə Pakistanın kommunikasiya infrastrukturunun inkişafına ciddi dəstək göstərə bilər.
Bhatti vurğulayıb ki, Cənubi və Mərkəzi Asiya ilə Yaxın Şərqin kəsişməsində yerləşən Pakistan resursla zəngin regionlarla qlobal bazarlar arasında təbii quru körpüsü rolunu oynayır. Bu coğrafi üstünlük Avrasiya nəqliyyat dəhlizlərinin genişləndiyi bir dövrdə daha da strateji xarakter daşıyır.
Ekspert qeyd edib ki, dəyəri 62 milyard dollar olan Çin-Pakistan İqtisadi Dəhlizi ölkənin infrastrukturunu əhəmiyyətli şəkildə dəyişdirərək Şərq və Cənubu birləşdirir. Orta Dəhliz isə Qafqaz üzərindən Avropaya çıxış imkanı yaradır. Qazaxıstan, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən bu yol son illər ticarət marşrutlarının şaxələndirilməsi fonunda daha da önəm qazanıb. Azərbaycan isə bu xəttin əsas dayağı kimi çıxış edir.
Onun sözlərinə görə, 2017-ci ildən işə düşən Bakı-Tbilisi-Qars dəmir yolu Xəzər regionunu Türkiyə və Avropa bazarları ilə birləşdirərək yükdaşımada mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən vacib logistika mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi isə Xəzərin enerji ehtiyatlarını Avropa bazarına çıxarmaqla Azərbaycanın mürəkkəb transmilli layihələri uğurla idarə etmək bacarığını nümayiş etdirir.
tag: Pakistan,İmran Bhatti ,Çin-Pakistan İqtisadi Dəhlizi , Mərkəzi Asiya,Todaypress.tv,
