Xəzər sahilində ətirli çay ziyafəti var: Bakıda Çay Festivalı başladı – REPORTAJ
Bakının Dənizkənarı Milli Parkı bu günlərdə rəngarəng və kütləvi tədbirə ev sahibliyi edir. Şəhərin mərkəzində təşkil olunan Çay Festivalı həm Bakı sakinlərinə, həm də şəhərin qonaqlarına bayram əhval-ruhiyyəsi bəxş edir.
TodayPress TV xəbər verir ki, Xəzər dənizinin mehi, pürrəngi çayın ətri və armudu stəkanların cingiltisi Dənizkənarı Milli Parkda xüsusi canlanma yaradır. Festival iştirakçılara yerli məhsullarla tanış olmaq, müxtəlif çayların dadına baxmaq və xoş vaxt keçirmək imkanı yaradır.
Təzə dəmlənmiş çay, mis samovarlar və milli mürəbbələr


Festival ərazisinə daxil olan kimi insanı samovarlardan yüksələn tüstü və ətirli çayın qoxusu qarşılayır. Ərazidə qurulmuş böyük mis samovarlardan süzülən qaynar çaylar bəzəkli armudu stəkanlarda qonaqlara təqdim olunur.
Tədbirdə “Azərçay”, “Lənkəran çayı”, “Əkbər çay”, “Tudor”, “Bizim Tarla”, “ABAD”, “Nəlbəki” və “Armudu” öz stendləri ilə təmsil olunur.
Ziyarətçilər müxtəlif çay nümunələrini dadmaqla yanaşı, Azərbaycan süfrəsinin ayrılmaz hissəsi olan gilas, qoz, feyxoa və ərik mürəbbələrindən də zövq alırlar.
Festival ərazisində çayın hazırlanması və təqdimatı ilə bağlı ənənələr də diqqət çəkir. Armudu stəkanlarda təqdim olunan çay, yanında verilən mürəbbələr və samovar ətrafında yaranan səmimi ab-hava Azərbaycan qonaqpərvərliyinin özünəməxsus mənzərəsini yaradır.

Sakinlərin təəssüratları:
Festival iştirakçıları tədbirin həm istirahət, həm də yerli məhsullarla tanışlıq baxımından maraqlı olduğunu bildirirlər.
Bakı sakini Nərmin xanım təəssüratlarını TodayPress TV ilə bölüşüb:
“Həftənin ilk gününü belə gözəl havada, dəniz kənarında keçirmək çox xoşdur. Bütün yerli markalarımızı bir arada görmək, hər birinin təqdim etdiyi çay məhsullarını sınamaq imkanı yaradılıb. Təşkilatçılara təşəkkür edirəm”.
Ailəsi ilə tədbirə qatılan Teymur bəy isə festivalın uşaqlar üçün də maraqlı olduğunu qeyd edib:
“Biz uşaqlarla gəlmişik. Azərbaycan çay mədəniyyətini yaxından tanımaq və bu ənənələrin uşaqlarımıza canlı şəkildə nümayiş etdirildiyini görmək çox xoşdur. Belə tədbirlərin keçirilməsi sevindiricidir”.
Musiqi və əyləncəli proqramlar davam edir

Festival çərçivəsində çay dequstasiyası ilə yanaşı, milli musiqi nömrələri, ustad dərsləri və əyləncəli viktorinalar da təşkil olunur. Ziyarətçilər çaylarını udumlayaraq canlı musiqinin müşayiəti ilə istirahət edir, müxtəlif proqramlarda iştirak edirlər.

Çay Festivalı yerli brendlərin məhsullarını tanıtmaq, ziyarətçilərə müxtəlif çeşidlərlə tanış olmaq imkanı yaratmaq və şəhərin mədəni həyatına rəng qatmaq baxımından diqqət çəkir.
Qeyd edək ki, Çay Festivalı günün sonunadək Dənizkənarı Milli Parkda ziyarətçilər üçün açıq olacaq.
Jalə Rövşən