Azərbaycan benzini Ermənistana çatdırıldı

İqtisadiyyat

19.12.2025 13:52

Azərbaycan istehsalı olan Aİ-95 markalı (yüksək oktanlı) benzin daşıyan 1300 tonluq yük qatarı Gürcüstan–Ermənistan sərhədini (Ayrium stansiyası) keçib və artıq Ermənistan ərazisinə daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, SOCAR şirkətinə məxsus neft məhsullarından ibarət ilk partiyanı daşıyan, 22 vaqondan ibarət yük qatarı Azərbaycan ərazisindən Ermənistana doğru yola salınıb. Daşınma 28 noyabr tarixində Qəbələdə Ermənistan və Azərbaycanın Baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında əldə olunan razılaşmalara uyğun həyata keçirilib.

Nazir bildirib ki, 22 vaqonluq benzin yükü artıq Ermənistan tərəfinə keçib. Papoyanın sözlərinə görə, bu hadisə Vaşinqtonda 8 avqust tarixində əldə olunan sülh razılaşmalarından sonra Azərbaycan və Ermənistan arasında baş tutan ilk ticarət-iqtisadi əməliyyat olmaqla yanaşı, ümumilikdə iki ölkənin müstəqillik əldə etməsindən bəri həyata keçirilən ilk bu tipli sövdələşmədir.

Qeyd edək ki, yanacaq Bakıdan dəmir yolu xətti ilə Gəncəyə, daha sonra Böyük Kəsik vasitəsilə Gürcüstan sərhədinə (təxminən 500 km), oradan isə Qardabani–Tbilisi marşrutu ilə Ermənistan sərhədinə (Sadaklı–Ayrium) çatdırılıb.

Qiymət Mahir

tag: Azərbaycan , Aİ-95 ,Gürcüstan,Benzin,Todaypress.tv,