“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır

“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır
30.07.2026 09:41 İdman

Randal Kolo Muani yenidən “Yuventus” klubuna keçib. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilir ki, Fransa millisinin hücumçusu Randal Kolo Muani PSJ-dən “Yuventus”a icarə əsasında transfer olunub. Turin təmsilçisi 27 yaşlı futbolçunun icarəsi üçün 4 milyon avro ödəyəcək.

Müqaviləyə əsasən, “Yuventus”un futbolçunu 34 milyon avroya məcburi satınalma öhdəliyi var. Bundan əlavə, komanda növbəti mövsümün yekununda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə PSJ-yə əlavə 12 milyon avro bonus ödəyəcək.

Bütün şərtlər yerinə yetirilərsə, Kolo Muani ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanacaq. Fransa millisinin vitse-dünya çempionu statusuna malik hücumçusunun illik maaşı isə bonuslar istisna olmaqla 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Randal Kolo Muani 2023-cü ildə Almaniyanın “Ayntraxt” klubundan PSJ-yə transfer olunub. Həmin vaxt Paris təmsilçisinin bu keçid üçün 95 milyon avro ödədiyi bildirilirdi.

27 yaşlı futbolçu ötən mövsümü icarə əsasında İngiltərənin “Tottenhem” klubunda keçirib. O, daha əvvəl 2025-ci ilin yanvar-iyul aylarında da “Yuventus”un formasını geyinib. Həmin dövrdə forvard 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər