700 obyektə kiberhücum, 15 yanğın – İran ittiham edilir
Fransa hakimiyyəti oktyabrın 11–12-də ölkə ərazisində təxminən 700 kommersiya obyektinin soyuducu sistemlərinə edilən kiberhücumlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham edib.
TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücumlar nəticəsində külli miqdarda ərzaq yararsız hala düşüb və ən azı 15 yanğın baş verib.
Fransanın kəşfiyyat və kibertəhlükəsizlik qurumları hadisələrlə əlaqəli üç iranlı rəsmisinin adını açıqlayıb.
Bunlar SEPAH-ın Kiber-Elektron Komandanlığının rəhbəri, 65 yaşlı Həmid Rza Ləşgərian, 37 yaşlı Mehdi Ləşgərian və Rza Salarvənddir. Son iki şəxs SEPAH-ın “Şəhid Kaveh” kiberhücum bölməsinin komandirləri kimi təqdim olunur.
Məlumata görə, hakerlər soyuducu sistemlərinin temperatur parametrlərini uzaqdan dəyişdirərək temperaturun 50 dərəcəyədək yüksəlməsinə səbəb olublar.
Fransa prokurorluğu hər üç şəxs barəsində beynəlxalq həbs orderlərinin verilməsini tələb edib.
Bundan əlavə, Fransa İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə nail olmaq üçün addımlar atacağını açıqlayıb.
Zəhra Məmmədova