Yankoviçdən ayrılıq mesajı? “Yaxşı təklif olarsa…”
İdman
06.01.2026 14:11
“Yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim”.
TodayPress TV xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Marko Yankoviç “Mozzart Sport” portalına müsahibəsində deyib.
Monteneqrolu yarımmüdafiəçi bildirib ki, “Qarabağ” klubu onu Monteneqro millisindəki çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. Yankoviç həmin dövrdən etibarən Ağdam təmsilçisinin ciddi sistemi və aydın prinsipləri olan klub olduğunu bildiyini qeyd edib.
Futbolçu baş məşqçi Qurban Qurbanov haqqında da yüksək fikirlər səsləndirib:
“Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da ötürülür. ‘Qarabağ’ hər kəs üçün olan klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.
Marko Yankoviç son illərdə “Qarabağ”ın Avropa arenasında populyarlığının xeyli artdığını vurğulayıb. Bununla yanaşı, o, daxili çempionat oyunlarında tribunalarda azarkeş sayının nisbətən az olmasına da diqqət çəkib.
Monteneqrolu yarımmüdafiəçinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Yankoviç gələcək karyerası ilə bağlı da danışıb:
“Ən uzun dövrümü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. ‘Qarabağ’dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.
Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”ın formasını geyinən Marko Yankoviçin digər klublardan təkliflər alması ilə bağlı son günlər mətbuatda xəbərlər yayılıb.
Namiq HUN
tag: Qarabağ,Klub,Marko Yankoviç, Qərar,Todaypress.tv,
