Xabi Alonso “Çelsi”ni gözləmədə saxladı!
İspaniyalı mütəxəssis Xabi Alonso “Çelsi”dən gələn təklifə tələsmir və karyerasını “Liverpul”da davam etdirmək variantını üstün tutur.
TodayPress TV xəbər verir ki, bu barədə “i Sport” nəşri məlumat yayıb.
Bildirilib ki, “Çelsi” klubu baş məşqçi postuna əsas namizəd kimi məhz Alonsoya üstünlük verir. Lakin ispaniyalı çalışdırıcı vaxtilə beş mövsüm formasını geyindiyi “Liverpul” klubunda baş məşqçi vakansiyasının yaranıb-yaranmayacağını gözləmək niyyətindədir.
Hazırda “Liverpul”un baş məşqçisi olan Arne Slotun gələcəyi qeyri-müəyyən olaraq qalır. Klub rəhbərliyi səbirli mövqe nümayiş etdirsə də, azarkeşlərin narazılığı artır.
Məlumata əsasən, Alonso “Liverpul” variantını düşünməsəydi, artıq “Çelsi” ilə razılığa gəlmişdi. Bununla belə, London təmsilçisi yeni baş məşqçini dünya çempionatınadək təyin etmək niyyətindədir və uzun müddət gözləmək istəmir.
Əgər Alonso qərarını gecikdirsə, “Çelsi” alternativ variantlara yönələcək. Namizədlər sırasında Andoni Iraola, Oliver Qlasner, Filipe Luis və Marko Silva yer alır.
Bundan başqa, “Liverpul” rəhbərliyi də Alonso ilə bağlı tam əmin deyil və dörd gün əvvəl “Real Madrid” klubundan məşqçi barədə məlumat istəyib.
Namiq HUN