Uşaqlıq dostu üçün möhtəşəm addım: Lindblad xeyriyyə hərracında rekord vəsait topladı!
“Racing Bulls” komandasının pilotu Arvid Lindblad Belçika Qran-prisində istifadə etdiyi dəbilqəsini xeyriyyə hərracına çıxarıb və bundan 81 650 dollar gəlir əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Toplanan vəsait Lindbladın dostu Uill Makintayrın Kembricdəki Addenbrooke xəstəxanası üçün MRT cihazının alınmasına yönəlmiş ianə kampaniyasına dəstək məqsədi daşıyır.
Lindblad bildirib ki, Makintayrı təxminən 10 ildir tanıyır. Onlar uşaqlıqdan, Böyük Britaniyada kartinq yarışlarında iştirak etdikləri vaxtdan dostdurlar.
“Son bir ildə onun yaşadıqları inanılmazdır. 18 yaşında yarışlarla məşğul idi, daha sonra xəstəxanaya yerləşdirilmələr, müayinələr, əməliyyatlar və kimyaterapiyadan ibarət uzun bir proses başladı. Sonda ona olduqca nadir xəstəlik – X-xromosomla əlaqəli limfoproliferativ sindromun birinci tipi diaqnozu qoyuldu.
Bütün bunlara baxmayaraq, o, yenə də əvvəlki Uilldir: iddialıdır, həmişə zarafat etməyə hazırdır və nədənsə ilk növbədə digər insanları düşünür”, – deyə Lindblad bildirib.
Onun sözlərinə görə, Makintayr hazırda Kembricdə beyin əməliyyatları keçirən xəstələrə ciddi kömək edə biləcək əməliyyatdaxili MRT skanerinin alınması üçün 8,2 milyon dollar toplamağa çalışır.
“Biz bir-birimizi uşaqlıqdan tanıyırıq. Buna görə də ümid edirəm ki, hər kəs bu təşəbbüsə dəstək verəcək”, – deyə pilot əlavə edib.
Namiq HUN