Türkiyə milli komandasında ciddi böhran: İtaliya qarşısına kimlər çıxacaq?
Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella Millətlər Liqasının IV turu çərçivəsində İtaliya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Əlbəttə, mövcud vəziyyət bizi qane etmir. Biz hər matça qalib gəlmək istəyi ilə çıxırıq. Bu, bizim üçün bu səviyyədə ilk təcrübə olsa da, istənilən rəqiblə bərabər səviyyədə oynamaq və nəticə qazanmaq istəyirik. Türkiyə hələlik A divizionuna öyrəşir və lazımi təcrübəni toplayır. Məqsədimiz gələcəkdə istədiyimiz nəticələri əldə etmək üçün çox çalışmaq və daha da güclənməkdir.
Zədələrə gəlincə, təəssüf ki, Arda sarı vərəqə limitini doldurduğu üçün cəzalıdır və bizə kömək edə bilməyəcək. Ondan başqa Hakan, Kenan, Barış, Orkun və Mert də heyətdə yoxdur. Onların hər biri komandamız üçün vacib rola malikdir. Eyni zamanda, bu, digər futbolçulara şans vermək və onların imkanlarını daha yaxşı qiymətləndirmək üçün bir fürsətdir. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirib müsbət nəticə qazana biləcəyik”, - deyə Montella bildirib.
Xatırladaq ki, İtaliya - Türkiyə matçı bu gün keçiriləcək.
Namiq HUN
TodayPress TV