Tennis dünyasında şok diaqnoz: Emma Navarronun 3 illik gizli mübarizəsi!
Tennisçi Emma Navarro qalmaqallı sağlamlıq mübarizəsini açıqlayıb və mövsümü erkən başa vurub.
TodayPress TV xəbər verir ki, dünyanın 24-cü raketkası təxminən üç il ərzində əziyyət çəkdiyi xroniki sağlamlıq problemləri barədə sosial şəbəkə hesabında paylaşım edib.
Amerikalı tennisçiyə 2025-ci ilin payızında RED-S (İdmanda nisbi enerji çatışmazlığı) və Haşimoto hipotireozu diaqnozu qoyulub.
“Bu diaqnoza nəyin gətirib çıxardığını izah etmək üçün 2023-cü ilə - turdakı ilk tam mövsümümə qayıtmalıyam. Həmin il 88 oyun keçirdim - bu, peşəkar tennisdəki hər hansı digər oyunçudan çox idi. Vaxtımı ITF və WTA turları arasında bölür, demək olar ki, hər həftə yarışır və boş həftələrdə var gücümlə məşq edirdim. Peşəkar tennisdə yeni olduğum üçün komandamla doğru hesab etdiyimiz addımları atırdım və özümü son həddə qədər zorlamaq prinsipim idi.
Bu yanaşma ilk vaxtlar nəticə verdi. Bir il ərzində WTA reytinqində təxminən 150-ci pillədən 30-cu yerə yüksəldim, dörd ITF titulu qazandım və böyük turnirlərin son mərhələlərinə vəsiqə qazandım. 2023-cü ilin mövsüm aralığında da çalışmaqda davam etdim və 2024-cü ilin yanvarında tez bir zamanda uğur qazandım. Mövsümün ilk turniri olan Oklandda (WTA-250) yarımfinala yüksəldim, növbəti həftə Hobartda çempion olaraq özümü və komandamı təəccübləndirdim. Ardınca “Böyük Dəbilqə” turnirlərindəki o vaxtkı ən yaxşı nəticəmi göstərərək “Australian Open”də üçüncü dövrəyə çatdım...
Lakin yaxşı deyildim. Əvvəllər hiss etmədiyim emosiyaları - qıcıqlanma, məyusluq, perfeksionizm, təşviş və qəribə də olsa, qəzəb hissini yaşayırdım... Bundan əlavə, daim ac idim. Günün hər saatı aclıq hiss edirdim. 2023-cü ildə təxminən 9 kq çəki itirdim və peşəkar idmançıların etməli olduğu işi gördüyümü - nəticələri optimallaşdırmaq üçün arıqladığımı düşünürdüm”, — deyə Navarro bildirib.
Tennisçi 2025-ci ilin noyabrından etibarən qidalanma və müalicə yanaşmasını tamamilə dəyişdiyini, yuxu rejiminin bərpa olunduğunu və başgicəllənmələrin keçdiyini qeyd edib. O, cari mövsümdə Asiya turnirlər seriyasını buraxacaq və 2027-ci ildə Avstraliyadakı yarışlarla korta qayıtmağı planlaşdırır.
Namiq HUN