Tatamidə gərgin döyüşlər: Cüdoçularımız Dünya Çempionatında sınaq qarşısında!
Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatı ikinci yarış günü ilə davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizəyə qoşulacaq.
Qadınların yarışında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva 1/16 final mərhələsində İsrail idmançısı Gefen Primo ilə üz-üzə gələcək.
Kişilər arasında isə 66 kq çəki dərəcəsində medalçılar bəlli olacaq. Bu çəkidə mübarizə aparan təmsilçilərimizin rəqibləri müəyyənləşib:
Turan Bayramov 1/32 finalda Finlandiya cüdoçusu Luukas Saha ilə qarşılaşacaq.
Nizami İmranov eyni mərhələdə Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə gücünü sınayacaq.
Ruslan Paşayev isə mübarizəyə 1/16 finaldan başlayacaq və Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Dünya Çempionatının ilk yarış günündə 60 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb və dunya çempionu tituluna sahib olub.
Namiq HUN
TodayPress TV