Sinner üçün həyəcan təbili - mövsümün ilk “Böyük dəbilqə”si sual altındadır!
Dünya reytinqinin ikinci pilləsində qərarlaşan, “Böyük dəbilqə” turnirlərinin beşqat qalibi Yannik Sinner sağ dizindən əməliyyat olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Italia” nəşri məlumat yayıb.
Bildirilib ki, italiyalı tennisçi noyabrın 24-də Finlandiyaya yollanacaq və orada cərrahi müdaxilə keçirəcək.
Mənbənin məlumatına görə, Sinner Finlandiyada Milanda onun sağ dizini müayinə etmiş ortoped-cərrah Lasse Lempeynenenlə görüşəcək. Əməliyyat qərarı bir neçə həftə davam edən müayinələr, müalicə və mütəxəssislərlə məsləhətləşmələrdən sonra qəbul edilib.
Tennisçinin bərpa müddəti hələlik məlum deyil. Bununla belə, onun 2027-ci ildə keçiriləcək Australian Open turnirini buraxa biləcəyi bildirilir.
Qeyd edək ki, Yannik Sinner 2026-cı ilin iyulunda Uimbldon turniri zamanı sağ dizindən zədələnib. İtaliyalı idmançı bir sıra nüfuzlu yarışlarda iştirak etməyib və oktyabrda 2026-cı il mövsümünü başa vurduğunu rəsmən açıqlayıb.
Namiq HUN