Səmimi etiraf: “Kriştianu Məyus olsa da, həqiqət budur!”
İngiltərə milli komandasının və “Barselona”nın keçmiş hücumçusu Qari Lineker Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun forvardı Kriştianu Ronaldunu tarixin ən yaxşı futbolçusu hesab edib-etməməli olduğu sualına cavab verib.
TodayPress TV “The Touchline” nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu fikirlərini səmimi şəkildə ifadə edib:
“Bilirəm ki, Kriştianu haqqında tarixin ən yaxşısı kontekstində danışmayanda o, məyus olur, amma dürüst olmaq lazımdır. O, inanılmazdır, sadəcə möhtəşəmdir, ən böyük futbolçulardan biridir, burada mübahisəyə ehtiyac yoxdur. Onun qol rekordları Messinin göstəriciləri ilə müqayisə oluna bilər. Lakin Kriştianu digər şeyləri bacarmır. O, dörd nəfəri aldadıb keçmək, meydanın mərkəzində təzyiqdən elə sıyrılmaq qabiliyyətinə malik deyil ki, oturub “İlahi, bunu necə etdi?!” deyə təəccüblənəsən. O, bunu bacarmır… Maradonada olan və Messidə varlığını qoruyan o keyfiyyət onda yoxdur. Mən hətta braziliyalı Ronaldonu Kriştianu Ronaldudan bir qədər üstün tutardım. Bu oyunçular təxminən Zidan, Neymar və Mbappe ilə eyni səviyyədədirlər, hərçənd sonuncunun hələ bu cür futbolçuların sırasına qoşulmaq üçün yolu var”.
Namiq HUN