Rafael Nadal tennis dünyasındakı əsas problemə diqqət çəkdi!
“Böyük Dəbilqə” turnirlərinin 22 qat çempionu Rafael Nadal tennisçilər arasında zədələrin sayını azaltmağa kömək edə biləcək təqvim dəyişiklikləri ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Punto De Break” nəşri məlumat yayıb.
İspaniyalı tennisçi təbii örtüklərdə - qrunt və ot meydançalarında keçirilən turnirlərin payının artırılmasının buna səbəb ola biləcəyini qeyd edib.
“Hələ çıxış etdiyim dövrdə bu mövqeyi müdafiə etmək mənə çətin idi, çünki bir çoxları mənim sadəcə qruntda, hətta ikinci sevdiyim örtük hesab etdiyim ot meydançasındakı üstünlüyümdən faydalanmağa çalışdığımı düşünə bilərdi”, - deyə Nadal bildirib.
O əlavə edib: “Amma artıq bu barədə açıq danışa bilərəm: mən elə də çox peşəkar idman növü tanımıram ki, yarışlar məhz belə sərt örtüklərdə keçirilsin. Tennisdə vaxtımızın çox hissəsini orqanizmə və oynaqlarımıza çox aqressiv təsir edən kortlarda keçiririk. Və sonra bunun nəticələrini ödəyirik”.