Rusiyada 7 min primat Putinin 150 il yaşaması üçün səfərbər edildi
Rusiya alimləri insan ömrünün uzadılması və qocalma prosesinin ləngidilməsi ilə bağlı genişmiqyaslı tədqiqatlara başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, Putinlə yaxın münasibətləri olan Mixail Kovalçukun rəhbərlik etdiyi tədqiqatlarda 7 mindən çox primatdan, o cümlədən yaşı 30-u keçən meymunlardan istifadə olunur.
Araşdırmalar Rusiyanın Kurçatov İnstitutunda aparılır. Alimlər qocalma prosesini bioloji göstəricilər, damar sistemi və beyin funksiyalarının təhlili əsasında öyrənirlər.
Kovalçuk 7 mindən çox primatın saxlanıldığını bildirib. Onların arasında 20-30 yaşdan yuxarı meymunların da olduğu xüsusi qrup diqqət çəkir.
Məlumata görə, 74 yaşlı Putin də uzunömürlülük mövzusuna xüsusi maraq göstərir. O, 2025-ci ildə Çin lideri Si Cinpinlə söhbətində insanların 150 il yaşaya bilməsi ehtimalını müzakirə edib.
Nəşrə görə, Kovalçuk Putinlə uzun illərdir yaxın münasibətdədir və onun elmi məsələlər üzrə qeyri-rəsmi məsləhətçisi hesab olunur.