Basketbol dünyasında sensasiya: ulduzlar yeni turnirə investisiya yatırırlar!

Basketbol dünyasında sensasiya: ulduzlar yeni turnirə investisiya yatırırlar!
11.11.2026 16:02 İdman

Dördqat NBA çempionu Lebron Ceyms və liqanın ikiqat qalibi Kevin Dürant yeni Amerika turniri olan Futures Basketball League (FBL) layihəsinin investorları sırasına daxil olublar. 

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, yarışlar 18 yaşınadək perspektivli basketbolçular üçün nəzərdə tutulub və 2027-ci ilin aprelində start götürəcək. 

Yeni turnirin komandaları artıq investorlara hərəsi 6 milyon dollara satılır və alıcılar həmçinin liqanın özündə də pay əldə edirlər. Ceyms layihədə işgüzar tərəfdaşı Maverik Karterlə birlikdə inkişaf etdirdiyi “LRMR Ventures” investisiya şirkəti vasitəsilə iştirak edir. Dürant isə təşəbbüsə özünün işgüzar tərəfdaşı Riç Kleymanla əlaqəli olan “Boardroom Sports Holdings” vasitəsilə qoşulub. 

Komanda sahibləri sırasında, həmçinin NBA-in sabiq ən dəyərli oyunçusu Derrik Rouz, “Orlando Medjik”in hücumçusu Paolo Bankero və sahibkar Qari Vaynerçuk da yer alıblar. 

Debüt mövsümündə 12 regional kollektivin iştirakı planlaşdırılır ki, bunlara da 120 gənc basketbolçu daxil olacaq. FBL-in ilk mövsümü 2027-ci ilin aprelindən avqustuna qədər davam edəcək. Komandalar 10 oyun həftəsonu ərzində yarışacaq, bundan sonra çempionluq uğrunda yekun turnir keçiriləcək. İştirakçılara ad, imic və reputasiyadan (NIL) istifadə üçün ödəniş nəzərdə tutulub. Basketbolçular bu ödənişi pul, lazımi razılaşmalar əsasında liqada pay və ya bu variantların birləşməsi şəklində ala biləcəklər. Təşkilatçılar gənc oyunçulara məktəb və tələbə basketbolunda çıxış etməyə davam etmək imkanını saxlamaqla yanaşı, peşəkar məşq infrastrukturu təqdim etməyi hədəfləyirlər.

Namiq HUN

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər